Yuxarı

Proqnoz: ​Qızılın unsiyası 1000 dollardan aşağı düşə bilər

Qızıl son günlər 1 150 dollar/unsiya səviyyəsində olan dəstək səviyyəsində satışların üstünlük təşkil etməsi ilə 1 100 dollar/unsiyaya qədər geriləyib

Bakı. 24 iyul. REPORT.AZ/ Qızıl son günlər 1 150 dollar/unsiya səviyyəsində olan dəstək səviyyəsində satışların üstünlük təşkil etməsi ilə 1 100 dollar/unsiyaya qədər geriləyib. Fransanın "BNP Paribas" bankının texniki tədqiqatçısı Nikola Qanne hesab edir ki, 1 150 dollar/unsiya səviyyəsindən aşağı düşən qızıl qiymətləri 1 050 və 1 000 dollar/unsiyaya qədər asanlıqla yaxın zamanlarda geriləyə bilər.

Qeyd edək ki, qızıl ən son 1 100 dollar/unsiya qiymətindən 15 mart 2010-cu il tarixində satılıb. Qızıl pik qiymətinə 29 avqust 2011-ci il tarixində 1 911 dollar/unsiya səviyyəsinə çatıb. Hazırda isə qızıl tarixi maksimal qiymətindən 800 dollar və ya 42% aşağı satılır.

Qızılın qiymətinin azalmasında əsas səbəb kimi ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmasının gözləntisi göstərilir. Uçot dərəcəsinin artırılması dünya maliyyə vəsaitlərinin ABŞ dövlət istiqrazlarına axmasına səbəb olacaq. Bu da beynəlxalq maliyyə bazarlarında likvidliyin azalmasına gətirib çıxaracaq. Nəticədə qızılla bərabər digər qiymətli metallar və əmtəə qiymətlərinin azalması proqnozlaşdırılır.

Qeyd edək ki, "Bloomberg" agentliyi tərəfindən hesablanan əmtəə aktivləri üzrə indeks 2002-ci ildən bəri ən aşağı səviyyəyə enib. Buna səbəb WTI markalı neftin avqust ayı üçün fyuçers, yəni vadəli kontrakt qiymətləri 50 dollar/bareldən aşağı satılması, qızıl və digər qiymətli metalların kəskin düşməsi göstərilib. ABŞ-ın "Precious Metals and Mineral Fund" investisiya fondunun tədqiqatçısı Den Denbou bildirib ki, əmtəə aktivlərinin artım dövrü artıq bitib: "Hazırda təklif tələbdən daha yüksəkdir və bunun əsas səbəbi Çin iqtisadiyyatındakı zəifləmədir".

"Prudential" maliyyə şirkətindən Kuisi Krosbi isə qeyd edib ki, Çin tərəfindən son 10 ildə mövcud olan tələb əmtəə qiymətlərinin artmasına səbəb olub: "Hazırda isə Çində ÜDM-un zəif artımı əmtəə qiymətlərini aşağı çəkir"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi