​Qazaxda sönmüş əhəng istehsalı zavodu tikilir

​Qazaxda sönmüş əhəng istehsalı zavodu tikilir Qazax və ətraf rayonlardan olan 65 sahibkara 8 mln. manat güzəştli kredit verilib
Biznes
30 İyun , 2016 16:15
​Qazaxda sönmüş əhəng istehsalı zavodu tikilir

Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunun Qazaxbəyli kəndində işgüzar forum keçirib. 

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, forumda 90-a yaxın sahibkar iştirak edib.

Forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Qazaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir. Tədbir çərçivəsində Qazax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı müəssisəsinin), ət kəsimi və pendir istehsalı müəssisələrinin və 3* hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1 252 sahibkara 71,6 mln. manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5 914 investisiya layihəsinin maliyyələşdirilməsinə 220,7 mln. manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə sularının, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib”.

Forum çərçivəsində Qazax və ətraf rayonlardan olan 65 sahibkara 8 mln. manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, çörək və un məmulatları, tikinti materialları, sönmüş əhəng, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 400-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində güzəştli kredit ayrılan və ildə 91 min ton sönmüş əhəng istehsalı etmək gücündə olan zavodun tikinti işlərinə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi