Yuxarı

​Qaradağ rayonunda işgüzar forum keçirilib

Forumda sahibkarlara 10,2 mln. manat güzəştli kredit verilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qaradağ rayonunun Lökbatan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib.

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, forumda 130-a yaxın sahibkar iştirak edib. İşgüzar forum çərçivəsində Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan bir neçə sahə üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb. Forumda çıxış edən Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu günədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1 161 investisiya layihəsinin maliyyələşdirilməsinə 288,7 mln. manat güzəştli kredit verilib.

"Ümumilikdə 9 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Son illər güzəştli kreditlər hesabına 132 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 409 mln. manatdan çox güzəştli kredit verilib. Maliyyələşdirilmiş müəssisələrdən 115-i istifadəyə verilib, 17-i üzrə işlər davam etdirilir", - deyə Ş.Abdullayev qeyd edib.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 10,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, istixana təsərrüfatı, çörək, neft-kimya sənayesi avadanlıqları, qapı-pəncərə istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Qaradağ rayonunun Sahil qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış neft-kimya sənayesi avadanlıqları istehsalı zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi