"PwC Azerbaijan": Azərbaycanda maliyyə sektoru üzrə xüsusi vergi müddəaları mövcud deyil

"PwC Azerbaijan": Azərbaycanda maliyyə sektoru üzrə xüsusi vergi müddəaları mövcud deyil Arif Quliyev Vergi Məcəlləsinin təfsilatlı işlənmədiyini hesab edir
Biznes
13 May , 2017 16:07
PwC Azerbaijan: Azərbaycanda maliyyə sektoru üzrə xüsusi vergi müddəaları mövcud deyil

Bakı. 13 may. REPORT.AZ/ "Azərbaycanın vergi qanunvericiliyində müəyyən müddəalar üzrə birmənalı şərhlər mövcud deyil. Ümumiyyətlə, Vergi Məcəlləsi o qədər də detallı işlənməyib, xüsusən də maliyyə sektoru üzrə xüsusi vergi müddəaları yoxdur".

Bunu "Report"a açıqlamasında "PwC Azerbaijan" audit şirkətinin vergi məsələləri üzrə direktoru Arif Quliyev bildirib.

Onun sözlərinə görə, bu amillər vergi qanunvericiliyində fərqli şərhlərə gətirib çıxarır: "Bundan başqa, qeyri-ənənəvi əməliyyatlar olduqda Vergi Məcəlləsi ola bilməz ki, bütün əməliyyatları öz üzərində əks etdirsin. Faktiki olaraq vergi qanunvericiliyində hər bir əməliyyat nəzərdə tutulmadığından qeyri-müəyyənlik yaranır".

Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi üzrə beynəlxalq təcrübədə ümumu qaydaların mövcud olduğunu qeyd edən A.Quliyev deyib ki, bu qaydalar ölkələr üzrə dəyişir: "Dünya təcrübəsində faktiki olaraq vergi öhdəliyinin əvvəlcədən müəyyən edilməsi iki cür həyata keçirilir. Birincisi, ictimai vergi şərhidir. Bu, vergi qanunvericiliyinin müddəalarının şərhi ilə bağlıdır. İkincisi isə xüsusi şərhlərdir ki, konkret vergi ödəyicisinin və ya vergi ödəyicilərinin spesifik əməliyyatı üzrə əvvəlcədən vergini şərh edir".

"Beynəlxalq təcrübədə olan bu şərhlər Azərbaycanda Vergi Məcəlləsinə 2017-ci ildən vergi öhdəliyinin əvvəlcədən müəyyən edilməsi müddəalar kimi daxil edilib. Bu müddəalar xüsusi vergi şərhləri ilə bağlıdır. Azərbaycanda vergi qanunvericiliyi ilə ümumi (ictimai) şərhlər mövcud deyil. Lakin xüsusi şərhlər bu ildən daxil edilib. Beynəlxalq təcrübədə xüsusi şərhlə bağlı bir neçə meyar var. Bu şərhlər adətən gələcəklə bağlı verilir, birtərəfli olur, yəni yalnız bir vergi ödəyicisi ilə bağlı verilir. Beynəlxalq təcrübədə isə çoxtərəfli şərhlər də mövcuddur. Məsələn, bir əməliyyat üzrə bir neçə vergi ödəyicisi çıxış etdikdə ümumi şərh verilə bilər. Azərbaycanda isə ancaq birtərəfli vergi şərhinin verilməsi nəzərdə tutulur. Beynəlxalq təcrübəyə görə, vergi şərhi əsasən vergi orqanı üçün icbari olur, vergi ödəyicisi üçün bu şərh məcburi deyil. Yəni şərh verən orqan vergi ödəyicisinə hansısa şərh verdikdə vergi ödəyicisinin bu şərhə əməl etməmək hüququ var. O, bununla bağlı heç bir öhdəlik daşımır. Bundan əlavə, şərh məxfi xarakter daşıyır. Xüsusi bölmə və ya ümumiyyətlə, müstəqil tərəf (vergi ilə bağlı olmayan tərəf) tərəfindən verilir. Digər vergi orqanının strukturları üçün bu məxfi məsələ hesab edilir. Vergi yoxlaması zamanı bu məsələ qaldırıla bilər. Amma bunun baş verəcəyinə 100% təminat verilmir. Məsələn, İsveçdə belə şərhlər tam müstəqil orqan tərəfindən verilir. Məhkəmələrdə bu şərh istifadə edilmir. İddia qaldırılanda da bu şərh məhkəməyə təqdim edilə bilməz", - A.Quliyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi