Yuxarı
    Bağlamaq

    ​"Perfetto" restoranında verilən yeməklərdə insan orqanizminə təhlükəli mikroorqanizmlər və bakteriyalar aşkar edilib

    Aşkar olunan nöqsanlarla bağlı inzibati protokol tərtib edilərək müəssisə cərimələnib

    Bakı. 18 may. REPORT. AZ/ Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133 ünvanında yerləşən və əhaliyə ictimai iaşə xidməti göstərən fiziki şəxs Mahir Tağıyevə məxsus "Perfetto" restoranında dövlət nəzarəti həyata keçirilib. "Report"un qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, araşdırma zamanı restorandan “kartof” salatı və “kiyevsayağı” kotletdən seçilmiş nümunələrin laboratoriya analizi aparılıb. Yoxlama nəticəsində məhsulların tərkibinin ümumi mikroorqanizmlərin sayına görə standartın tələblərinə cavab vermədiyi müəyyən olunub.

    Bundan başqa müəssisədə hazırlanan şorbaların soyuducuda saxlanılıb, sifariş zamanı donu açılaraq qızdırıldığı və təkrarən soyuducuda saxlanıldığı, mal qonşuluğuna riayət edilmədiyi, müxtəlif ərzaq məhsullarının (ağ pendir, hisə verilmiş saçaqlı pendir, göbələk, zeytun və s.) düzgün saxlanılmadığı, mənşəyi və saxlanma müddəti məlum olmayan məhsullar (alça turşusu, pomidor turşusu, xiyar turşusu) müəyyən edilib. Həmçinin istifadə olunan məhsulların uyğunluq sertifikatları, yeməklərin hazırlanmasında istifadə olunan ətlərin baytarlıq nəzarətindən keçməsi barədə müvafiq sənədlər, işçilərin tibbi müayinədən keçmələrini təsdiq edən sənədlər mövcud olmayıb.

    Restoranın mətbəxində sanitar norma və qaydalara riayət olunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə istifadə edilən tərəvəzlərin, ət və ət məhsullarının emal olunduğu lövhədən, qazandan, aşbazların əllərindən yaxmalar götürülüb, laboratoriya sınaqları aparılıb. Nəticədə aşbazın əllərində “S.aureus” bakteriyası aşkar edilib.

    Aşkar olunan bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən inzibati protokol tərtib edilərək müəssisə cərimələnib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi