Pekində Azərbaycan-Çin biznes forumu keçirilib

Pekində Azərbaycan-Çin biznes forumu keçirilib Bakı. 6 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çinə səfəri çərçivəsində bu gün Pekində Azərbaycan-Çin biznes forumu keçirilib.
Biznes
6 Fevral , 2018 19:00
Pekində Azərbaycan-Çin biznes forumu keçirilib

Bakı. 6 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çinə səfəri çərçivəsində bu gün Pekində Azərbaycan-Çin biznes forumu keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Çinin Kommersiya Nazirliyi və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

Biznes-forumda sənaye, tikinti, nəqliyyat, logistika, investisiya, kimya, tekstil və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib. Ş.Mustafayev Azərbaycanın Çinlə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini, əməkdaşlığın bütün sahələrdə genişlənməsində maraqlı olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan və Çin dövlət başçıları arasında mövcud olan fəal siyasi dialoq ikitərəfli əlaqələrin iqtisadi, humanitar və digər sahələrdə inkişafı üçün möhkəm təməldir.

Nazirin sözlərinə görə, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”nin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. 2017-cı ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsinin 43% artaraq 1,2 mlrd. ABŞ dolları təşkil etdiyini, bu ölkəyə ixracın 2,1 dəfə artdığını diqqətə çatdıran Azərbaycan rəsmisi ticarət dövriyyəsinin artırılmsı üçün böyük potensialın olduğunu deyib. O vurğulayıb ki, dünən Pekində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin açılması ölkələr arasında ticarət həcminin artırılması, investisiya əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli olacaq.
2016-cı və 2017-ci illərdə Çinə 3 ixrac missiyası təşkil edilib, Azərbaycan məhsulları Çində keçirilmiş 2 sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunub. Azərbaycan bu il Çində keçiriləcək daha 3 sərgidə iştirak edəcək. Hazırda Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində “Azərbaycan Şərab Evi”nin açılmasına dair danışıqlar aparılır. Bundan başqa, Çin iş adamlarının Azərbaycanda qeyri-neft sektoruna sərmayə yatırması üçün geniş imkanlar var. Azərbaycanda Çin investisiyalı 113 şirkətin qeydiyyatdan keçdiyini və bu şirkətlərin tikinti, sənaye, kənd təsərrüfatı, rabitə, xidmət, ticarət və s. sahələr üzrə fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycanın investisiya cəlbediciliyi barədə məlumat verib.

Çinin Kommersiya Nazirliyinin Avrasiya işləri idarəsinin baş direktoru Luo Veidonq ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini və ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O qeyd edib ki, ölkələr iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edir və bu əlaqələrin inkişafı üçün imkanlar genişdir.
Tədbirdə “EXPO-2025” Sərgisinə Bakının namizədliyi ilə bağlı video təqdimat nümayiş olunub.

Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf, AzPromo-nun rəhbəri Rüfət Məmmədov və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Nurlan Verdiyev təqdimatlarla çıxış ediblər.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

Tədbir çərçivəsində Azərbaycanın “AS Group Investment” şirkəti və Çinin “Camce Co Ltd” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi