Yuxarı
    Bağlamaq

    "Oğuz Şərab" ASC investisiya müsabiqəsində fiziki şəxsə satılıb

    İnvestor 18 ay ərzində müəssisəyə 440 min manat investisiya qoymalıdır

    Bakı. 26 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Oğuz Şərab" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini müəyyənləşdirib. 

    Bu barədə "Report"a Komitədən məlumat verilib.

    İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesində müsair texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həllini özündə əks etdirən, həmçinin investisiya qoyuluşlarına dair təkliflərin verilməsi amili olub.

    İnvestisiya müsabiqəsi martın 10-da keçirilib. Müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təklifləri baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə yerli fiziki şəxsi ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib. Müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib şəxs dövlət bödcəsinə 80 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, 18 ay ərzində müəssisəyə 440 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.

    Nəzərdə tutulan investisiya qoyuluşları müəssisənin tam köhnəlmiş və yararsız vəziyyətdə olan tikili, avadanlıq və qurğularının demontajı, inzibati binanın təmir edilərək müasir mebel və avadanlıqlarla təchiz olunması, sexlərdən birində sərinləşdirici içki, daha birində isə konyak istehsalının təşkilinə yönəldiləcək. Eyni zamanda, "Oğuz Şərab"ın istifadəsində olan ərazinin bir hissəsində yeni üzüm bağları salınacaq, müəssisənin infrastruktur təminatı yaxşılaşdırılacaq, ərazisi abadlaşdırılacaq.

    Qeyd edək ki, görüləcək işlər nəticəsində müəssisədə 40-dan artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi