Növbəti Bakı Ticarət Festivalında 500-dək ticarət obyektinin iştirakı gözlənilir - ƏLAVƏ OLUNUB

Növbəti Bakı Ticarət Festivalında 500-dək ticarət obyektinin iştirakı gözlənilir - ƏLAVƏ OLUNUB Vergilər nazirinin müavini Sahib Ələkbərov: "Gələn festivaldan alıcılar xüsusi kod vasitəsi ilə bankların bankomatlarından da pul çıxara biləcəklər"
Biznes
24 May , 2017 12:14
Növbəti Bakı Ticarət Festivalında 500-dək ticarət obyektinin iştirakı gözlənilir - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 11:33-də verilib

Bakı. 24 may. REPORT.AZ/ Bakıda keçiriləcək növbəti ticarət festivalında 500-ə qədər ticarət obyektinin iştirak edəcəyi gözlənilir. "Report" xəbər verir ki, bunu Bakı Ticarət Festivalının (Baku Shopping Festival) yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayevin sözlərinə görə, hər il aprel ayında digərlərinə nisbətən turist gəlişi azalır: "Amma festival çərçivəsində aprel ayında, mayın 10-na qədər turistlərin sayında 32% artım olub".

Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov isə deyib ki, növbəti festivalda bankların birbaşa iştirakı olmadan da ƏDV qaytarılacaq: "Festivalın son günləri banklarda sıxlıq yaranmışdır. Artıq proqramçılarımız işləyir, gələn festivaldan etibarən alıcılar xüsusi kod vasitəsi ilə bankların bankomatlarından da pul çıxara biləcəklər. Həm banklar və onların filiallarından, həm də bankomatlardan da ƏDV qaytarılacaq. Festival vaxtı 3 mindən çox xarici vətəndaşa ƏDV qaytarılıb".

Qeyd edək ki, növbəti şopinq festivalının bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılır.

İlk festival müddətində 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarma proqramına qoşulub. Festivalın "tax free" sistemi çərçivəsində 23 242 ədəd hesab-faktura verilib. Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18,168 mln. manat təşkil edib və banklar alıcılara 1,8 mln. manat məbləğində ƏDV qaytarıb.

***

Ə.Qarayev onu da bildirib ki, ticarət festivallarında ƏDV-nin qaytarılma şərtləri daha rahat olmalıdır. Onun sözlərinə görə, nağdsız geri ödənişlər zamanı müddətin 10 gün olması nəzərdə tutulub: "Bu məsələ ilə bağlı iş aparılır. Məncə ƏDV bir gündə yox, bir neçə gündə qaytarılsa daha yaxşı olar. Nağdsız ödənişlər və ƏDV-nin nağdsız qaytarılması zamanı müddətin 10 günə qədər uzadılması gözlənilir".

Nazir həmçinin qeyd edib ki, növbəti festivallarda məhsulların çeşidinin artırılması üçün də iş aparılır. 

S.Ələkbərov isə qeyd edib ki, Bakı Ticarət Festivalı çərçivəsində ən çox alış-veriş "Port Baku"da olub və ən çox vəsait də burada qaytarılıb: "Bu biznes mərkəzindəki ƏDV terminallarında 788 706 manat geri qaytarılıb".

O, həmçinin deyib ki, bu cür festivallarda daha çox Azərbaycan istehsalı olan məhsulların satılmasına çalışmaq lazımdır. 

Son xəbərlər

Orphus sistemi