Yuxarı

Tarif Şurası: ​Suyun bahalaşması məhsulların son qiymətinə ciddi təsir etməyəcək

Tarif dəyişikliyinin qiymətlərə təsiri hiss olunmayacaq dərəcədə aşağıdır

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanda sudan istifadə tariflərinin artırılması sudan xammal kimi istifadə edən istehsalçılarının məhsulların son satış qiymətinə ciddi təsir etməyəcək. 

Bu barədə Tarif (qiymət) Şurasının Katibliyindən “Report”a verilən məlumatda deyilib: "Emal edilən sudan xammal kimi istifadə etməklə 1 litr içkinin sənaye üsulu ilə istehsalının maya dəyərində suyun xüsusi çəkisi minimal səviyyədə olduğundan tarif dəyişikliyinin qiymətlərə təsiri hiss olunmayacaq dərəcədə aşağıdır".

“Bəzi KİV-də 1 litr pivə istehsalı üçün 5 litr sudan istifadə olunduğu, nəticədə son tarif dəyişikliyindən sonra pivənin qiymətinin ciddi şəkildə artırılması zərurətinin yarandığına dair yer alan məlumatlarla bağlı bildiririk ki, tarif dəyişikliyi bu halda yarım litrlik pivənin qiymətinə təqribən 1 qəpik təsir edir. Kolalı içkilərdə isə bu göstərici orta hesabla 0,08 qəpik təşkil edir”, - deyə məlumatda qeyd edilib.

Ümumilikdə, “Azərsu” ASC-nin sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə su təchizatı xidmətinin (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarifi 1 litr su üzrə 0,8 qəpik təşkil etməklə yanaşı, son tarif dəyişikliyi qanunvericilikdə nəzərdə tutulan qaydada içməli sudan texniki məqsədlər üçün istifadə edən müəssisələrin təkrar və dövr edən su təchizatı sisteminə keçmələrini stimullaşdıracaq.

Qeyd edək ki, mayın 13-də Tarif Şurasının müvafiq qərarı ilə sudan xammal kimi istifadə edənlər üzrə su təchizatının tarifi istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) ƏDV ilə birlikdə 8 manat müəyyən olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi