Yuxarı

Nazir: "Tikinti sahəsində texniki problemlər varsa, aradan qaldırılacaq" - YENİLƏNİB

Tikinti sahəsində yenilik tətbiq olunmalıdır

Bakı. 16 fevral. REPORT.AZ/ “Sahibkarlar tikinti ilə bağlı qanunvericiliyə uyğun olaraq vergi verməlidirlər. Tikinti yalnız məhkəmə qərarı ilə dayandırıla bilər”. “Report”un xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov sahibkarlarlardan qeyri-qanuni vergi yığılmasına münasibət bildirərkən deyib.

Nazir bildirib ki, tikinti işlərinin dayandırılması başqa vasitələrlə mümkünsüzdür: “Tikinti ilə bağlı heç bir süni maneə yaradıla bilməz. Əgər hər hansı maneə olarsa, sahibkarlar Azərbaycan Prezident Administrasiyasındakı Tikintiyə Nəzarət Şöbəsinə müraciət edə bilərlər”.

*** 12:56

“Tikinti sahəsində texniki problemlər varsa, aradan qaldırılacaq”. “Report”un xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda sahibkarlarla görüşündə deyib.
O bildirib ki, tikinti ilə bağlı texniki şərtlərdə olan problemlər Fövqəladə Hallarda Nazirliyində aradan qaldırıldığı kimi digər qurumlarda da aradan qaldırılmalıdır: “Bura su, işıq, kanalizasiya aiddir. Zaman-zaman bu problemlər öz həllini tapacaq. Tiikinti sahəsində dövlət orqanları problem yaradırsa, bu, söylənilməlidir”.
K.Heydərov bildirib ki, Bakıda tikilən bəzi binalara ekspertiza rəyi verilməyib: “Yəni, belə olan halda həmin binalara qaz və digər kommunal xidmətlər göstərilməyəndə sakinlər narazılıq edir. Bu problemlər də aradan qaldırılmalıdır. Yəqin ki, bundan sonra asanlaşdırılmış iş rejimində bu problemlər olmayacaq”.

K.Heydərov qeyd edib ki, tikinti sahəsində yenilik tətbiq olunmalıdır.

Nazir qeyd edib ki, tikinti sektorunda xeyli insanlar çalışırlar ki, bu da iş yerləri deməkdir. Onun sözlərinə görə, digər sahələrdə olan zəifləmə tikinti sahəsində də olub.
K.Heydərov qeyd edib ki, dünyada iqtisadi böhran baş verib, bunun üçün də yerli sahibkarlara Azərbaycanda şərait yaradılır: “Yerli inşaat materiallarına daha çox üstünlük verilməlidir. Yerli məhsullar xarici mallara nisbətdə daha keyfiyyətli olmalıdır”.
Fövqəladə hallar naziri vurğulayıb ki, Azərbaycanda tikinti sahəsi xeyli inkişaf edib, böyük işlər görülür. Hər kəs şahidi olub ki, tikinti sahəsində olan süni maneələr aradan qaldırılıb. Bundan sonra da belə olacaq. Bu, Azərbaycan Prezidentinin tapşırığıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi