Bakı. 23 may. REPORT.AZ/ Moskvada Rusiya-Azərbaycan Biznes Şurasının təsis edilməsi ilə bağlı iclas keçirilib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, iclas zamanı iştirakçılar Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə atılmalı olan addımları müzakirə ediblər. Görüşdə Rusiyanın iri şirkət və müəssisələrinin nümayəndələri iştirak ediblər.
Biznes Şurasının sədri isə "Rusiya ixrac mərkəzi" ASC-nin baş direktoru Pyotr Fradkov seçilib.
P.Fradkovun sözlərinə görə, artıq indidən Rusiya şirkətlərinin sürətlə inkişaf edən Azərbaycan bazarına, xüsusilə də elektrik enerjisi, kənd təsərrüfatı, maşınqayırma, gəmiqayırma, kimya sənayesi və əczaçılıq, eləcə də birgə infrastruktur layihələrə böyük maraq göstərdiyi müşahidə edilir: "Hazırda "Rusiya ixrac mərkəzi" ümumi məbləği 260 milyon dollar olan 7 layihəni dəstəkləyib. Dəyəri 360 milyon dollar olan daha 10 layihə isə fəal işlənmə mərhələsindədir".