Bakı. 28 iyun. REPORT.AZ/ Minsk-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. O, baqajlarını götürüb gömrük nəzarətindən keçib zonanı tərk etmək istəyərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq “X-ray” intereskoprentgen aparatına yönəldilib. Gömrük əməkdaşı monitorda siqaretlərə bənzər əşyaların təsvirlərini gördüyündən həmin vətəndaş saxlanılaraq əl yükündə və baqajında gömrüyə mütləq qaydada bəyan ediləsi əşyaların olub-olmaması barədə şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, gömrükçülərin şübhələrini inkar edən həmin şəxs baqajının içərisindəki malların yoxlanılması üçün müvafiq qanunvericiliyə uyğun olaraq gömrüyün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşa məxsus 2 ədəd əl çantası və 1 ədəd karton qutunun içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron və ya şifahi formada bəyan edilməyən, Azərbaycan aksiz markaları ilə markalanmayan 40 min ədəd siqaret aşkar olunub.