Yuxarı

​"Millennium" kafesində hazırlanan yeməklər standarta uyğun gəlməyib

Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiq olunub, kafe cərimələnib

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, R.Zorge adına parkda yerləşən, əhaliyə ictimai-iaşə xidmətləri göstərən “Millennium” kafesində dövlət nəzarəti tədbirləri həyata keçirilib. "Report"un məlumatına görə, yoxlama zamanı "Millennium" kafesində hazırlanan bir neçə məhsul standartların tələbinə uyğun gəlməyib.

Araşdırma zamanı müəssisədə ərzaq xammalı və hazır məhsulların mal qonşuluğu qaydaları gözlənilmədən eyni soyuducu kamerada saxlanıldığı, hazır məhsulların günlərlə soyuducuda qalaraq hər dəfə sifariş olduqca qızdırılaraq istehlakçıya təqdim edildiyi, qabların yuyulması zamanı normaların pozulduğu, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi, lazımi sənədlərlə təmin olunmadığı müəyyən edilib. Belə ki, kulinariya məhsullarının hazırlanmasında istifadə olunan xammalın uyğunluq sertifikatları, texnoloji təlimat və resepturaları, ət məhsullarının baytarlıq nəzarətindən keçməsi barədə sənədləri, işçilərin tibbi müayinədən keçmələrini təsdiq edən sənədlər, məhsulların sınaqlarının aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə müqavilə və hazırlanan məhsulların dövri sınaqlarının aparılması barədə sınaq protokolları yoxlamaya təqdim edilməyib.

Müəssisə tərəfindən hazırlanmış “sezar” salatı və “həvəskar” kotletdən seçilmiş nümunələrin laboratoriyada aparılmış sınaqların nəticələrinə əsasən, məhsullar mikrobioloji göstəricilərdən ümumi mikroorqanizmlərin sayına görə standartların tələblərinə cavab verməyib.

Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən müəssisə 5 min manat cərimə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi