"Rahat" Marketlər Şəbəkəsi rəhbərliyi: "Hazırda dövlət qurumları məhsulların qiymətlərinin qaldırılmasına çox ciddi nəzarət edir"

"Rahat" Marketlər Şəbəkəsi rəhbərliyi: "Hazırda dövlət qurumları məhsulların qiymətlərinin qaldırılmasına çox ciddi nəzarət edir" "Bu kimi hallara bilərəkdən yol verən market sahibləri məsuliyyətə cəlb olunmalıdırlar"
Biznes
8 Aprel , 2015 15:41
Rahat Marketlər Şəbəkəsi rəhbərliyi: Hazırda dövlət qurumları məhsulların qiymətlərinin qaldırılmasına çox ciddi nəzarət edir

Bakı. 8 aprel. REPORT.AZ/ "Report"un ötən ay Azərbaycan manatının devalvasiyası nəticəsində ərzaq məhsulları bazarında yaranan ajiotajla bağlı hazırladığı araşdırma geniş müzakirələrə səbəb olub. Araşdırma nəticəsində yalnız bir neçə market şəbəkəsinin qiymət artımı etmədiyi aydınlaşmışdı. Qiymət artımı həyata keçirməyən böyük market şəbəkələrindən biri də "Rahat" Marketlər Şəbəkəsi olmuşdu. "Rahat" Marketlər Şəbəkəsi"nin daxil olduğu ANC Şirkətlər Qrupunun təsisçilərindən olan Calal Babakişiyev hazırda bazarda mövcud durum, həmçinin manatın dəyərdən düşməsinin ərzaq satıcılarına təsiri ilə bağlı "Report"un suallarını cavablandırıb.

- Manatın devalvasiyasından sonra "Rahat" Marketlər Şəbəkəsinin köhnə qiymətlərlə fəaliyyət göstərməsi və dağıtım şirkətlərinin süni şəkildə qiymətləri qaldırdığı məhsulların supermarketlərinizdə satılmaması barədə sosial şəbəkələrdə məlumatlar yayıldı. Bu nə dərəcədə düzgün məlumatlar idi və bu addımın atılması sizin üçün hansı çətinliklər yaratdı?

- Manatın devalvasiyası ilə bağlı insanlar arasında böyük ajiotaj yaşandı. Bəzi marketlərin sahibləri qeyri-adekvat hərəkət etdilər. Amma biz ilk andan strategiyamızı elə qurduq ki, satışı əvvəlki qiymətlərlə davam edək. Məlum devalvasiyadan sonra artıq belə bir informasiyalar yayılmağa başladı: Filan market qapılarını müştərilərin üzünə bağladı, başqa bir market qiyməti qaldırdı, digər bir market fəaliyyətini dayandırdı və market bağlandı. Amma supermarketlərdə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin qaldırılmasına ilk reaksiyanı biz verdik. Bunun üçün "Rahat" Marketlər Şəbəkəsinin bütün supermarketlərində qiymətin qalxmaması və məhsulların köhnə qiymətlərlə satılması barədə ictimaiyyətə məlumatlar verdik. Elə çətinliklərimiz də bundan sonra oldu. Ən çox problemlərimiz dağıtım şirkətləri ilə olurdu. Çünkü onlar artıq məhsullarını ya satmır, ya da qiymətini qaldırıb satırdılar.

- Tutaq ki, hər hansı sahibkar bəzi qida məhsullarını xaricdən idxal edir və bu məhsulları dollarla alır. Bəs həmin sahibkar nə etməlidir, məhsulları sizə qiymətindən ucuz satmalıdır?

- Biz devalvasiyadan öncə alınan məhsulların qiymətinin qaldırılmasına etiraz etdik. Təbii ki, sahibkar məhsulu xaricdən idxal edirsə və məhsulları xarici bazarlardan dollarla alırsa, marketlərdə də həmin məhsulların qiyməti qalxmış olacaq. Amma sözügedən sahibkarların anbarlarında devalvasiyadan öncə idxal edilmiş mallar var və həmin mallar devalvasiyadan öncə alınıb. Biz onu izah etməyə çalışırdıq ki, bir halda bu məhsullar devalvasiyadan öncə alınıbsa, niyə xalqa baha satılmalıdır və haqlı olaraq buna qarşı çıxdıq.

- Qiymətlərin qaldırılmasına etiraz etdiyiniz topdansatış şirkətləri ilə münasibətlərinizi necə tənzimlədiniz? Sonradan onlardan həmin məhsulları ala bildiniz?

- Bir çox dağıtım şirkətləri ilə müqavilələrimiz var və bəzi şirkətlər müqavilənin şərtlərini pozmağa çalışırdılar, mal verməməyə başladılar. Biz də bəzi malları qəbul etmədik, müqavilələrin dəyişilməsinə imkan vermədik və bununla da insanlara dəstək olduq. Elə firmalar var idi ki, müqavilənin şərtlərini dəyişdirməyi istəyirdilər və bəzi firmalar da verdikləri malı bizdən götürüb yeni qiymətlərlə yenidən qaytarmaq istədilər. Qısa bir müddətdən sonra rəflərdəki mallarımız bitdi və artıq bəzi dağıtım şirkətləri ya mal vermir, ya da malları 25-30 faiz artımla təklif edirdilər. Bizdə həmin məhsulları almadıq və müştərilərimizə elan etdik ki, əgər hansı malları rəflərdə görmürsünüzsə, baha almayasınız deyə satmırıq. Elə məhsullar var idi ki, biz onu maya dəyərinə satdıq, amma firmanın bizə verdiyi qiymətdən aşağı sata bilmədiyimiz üçün biz bu addımı atdıq.

- Dövlət qurumları tərəfindən qiymətləri qaldıran topdansatış şirkətlərinə hər hansı cərimələr, təzyiqlər və ya etiraz etdiyiniz üçün sizə dəstək verən olurdu?

- Qiymətlərin qaldırılmasına etiraz etdikdən sonra bizi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə çağırdılar və bildirdilər ki, bu istiqamətdə fəaliyyətinizi davam etdirin və biz də sizə dəstəyimizi verəcəyik. Dövlətin aidiyyəti qurumları tərəfindən bəzi dağıtım şirkətlərinə təzyiqlər olandan sonra vəziyyət bir qədər düzəldi. Hazırda aidiyyəti dövlət qurumları ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin qaldırılmasına çox ciddi nəzarət edir.

- Bəzən müştərilər şikayətlənir ki, supermarketlərdə rəflərin üstündə yerləşdirilən məhsulların üzərindəki qiymətlərlə kassa-nəzarət aparatındakı qiymətlər arasında fərq yaranır. Buna münasibətiniz?

- Bu, müştəriləri aldatmaqdır, insanların pulunu oğurlamaq kimi dəyərləndirirəm. Rəflərdə olan malların üzərinə yazılan qiymətlə kassa-nəzarət aparatındakı qiymətlər arasında fərq yaranırsa, bu, artıq mədəni şəkildə insanların, müştərilərin cibinə girməkdir. Bu kimi hallara bilərəkdən yol verən market sahibləri məsuliyyətə cəlb olunmalıdırlar. Lakin bu problem bilərəkdən deyil, texniki məsələlərlə də bağlı ola bilər.

Son xəbərlər

Orphus sistemi