Londonda Azərbaycanın biznes potensialına dair forum keçirilib

Londonda Azərbaycanın biznes potensialına dair forum keçirilib Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Londonda ənənəvi biznes forum keçirilib
Biznes
6 Noyabr , 2014 00:49

Bakı. 6 noyabr. REPORT.AZ/ Londonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ənənəvi biznes forum keçirilib.

"Report" xəbər verir ki, açılış mərasimində çıxış edən AAC-nin biznes əlaqələndiricisi Venesa Rain Azərbaycanın müasir tələblərə cavab verən infrastruktura malik olduğunu qeyd edib və ölkəmizin son illərdəki iqtisadi inkişafdan, insanların həyat səviyyəsinin yüksəlməsindən, dövlət-özəl sektor əməkdaşlığının güclənməsindən danışıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkəmiz siyasi və iqtisadi sabitliyini qorumağı bacarır.

AAC-nin sədri Tale Heydərov deyib ki, forumun məqsədi hər iki ölkədə biznes imkanları barədə məlumat vermək, şirkətlər arasında ilkin təmaslar qurmaq, konkret biznes layihələri və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparmaqdır. O, forumun Böyük Britaniya və Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinə daha geniş müstəvidə baxılmasına, bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinə və yeni layihələrin planlaşdırılmasına zəmin yaradacağına əmin olduğunu diqqətə çatdırıb.

Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbi ölkəmizi ziyarət edərkən Azərbaycanın hərtərəfli inkişafına, paytaxt Bakının sürətlə böyüməsinə heyran qaldığını bildirib. Ölkəmizdə maliyyə sisteminin sabitləşməsinin, yeni biznes imkanlarının yaranmasının, struktur dəyişikliklərinin və köklü islahatların şahidi olduğunu diqqətə çatdıran Lord Risbi Azərbaycanın daha da inkişaf etməsi üçün yetərli potensial olduğunu vurğulayıb.

Daha sonra forum sessiyalarla davam etdirib.

Son xəbərlər

Orphus sistemi