Bakı. 21 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
“Report” xəbər verir ki, Fərmana əsasən, portalın operatoru İqtisadiyyat Nazirliyi müəyyən edilib.
Nazirlər Kabineti 3 ay müddətində öz normativ aktlarının və Azərbaycan Respublikası Prezidenti aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayaraq dövlət başçısına təqdim etmək, lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin portal vasitəsilə həyata keçirilməsini təmin etmək üçün müəyyənləşdirilən son müddətlərin göstərildiyi cədvəli, portala inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısını və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün müəyyənləşdirilən son müddətlərin göstərildiyi cədvəli, eləcə də informasiya sistemlərinin portala inteqrasiyası üçün texniki tələbləri təsdiq etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində ölkə prezidentinə məlumat vermək, eləcə də Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi isə portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli, portalın saxlanması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə əlaqədar təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Fərmana əsasən, lisenziya və ya icazə verən, habelə özlərinə məxsus informasiya sistemləri vasitəsilə portalda informasiya mübadiləsində iştirak edən orqanlar lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin bu Fərmanda nəzərdə tutulmuş cədvəldə müəyyən edilmiş müddətlərdə portal vasitəsilə həyata keçirilməsini təmin etməli, informasiya sistemlərinin bu Fərmanda nəzərdə tutulmuş müddətlərdə və texniki tələblərə uyğun olaraq portala inteqrasiya olunmasını və görülmüş işlərin nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək həvalə edilib.