Yuxarı

Orxan Məmmədov: "Azərbaycanda qadın və əlil sahibkarlara çox böyük dəstək verilir"

KOBİA-nın rəhbəri qadın sahibkarların problemlərindən danışdı
© Report/ Elchin Murad

"Son zamanlar Azərbaycanda qadın və əlil sahibkarlara çox böyük dəstək verilir".

“Report”un məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, KOBİA da bu sahəyə çox böyük diqqət yetirir: “Hesab edirik ki, həm qadınlar, həm də əlillər məşğulluqda öz yerini tutmalıdırlar”.

O. Məmmədov bildirib ki, qadın sahibkarlar çox aktivdir və onlar öz məhsullarını sərgilərdə nümayiş etdirə bilirlər: “Onların bir problemi var ki, o da məhsullarını geniş kütləyə nümayiş etdirə bilməməsidir. Bu halda KOBİA onların məhsullarını təşviq etməyə kömək göstərəcək”. 

Qeyd edək ki, bu gün Bakıda 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift & Promo 2019” və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi “Adprint 2019” işə başlayıb. KOBİA-nın də dəstək göstərdiyi sərgidə 50-yə yaxın yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur. 

KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. olmaqla ümumilikdə 50-yə yaxın çeşiddə əl işləri sərgilənir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi