KOBİA-nın rəhbəri iş adamlarını Pirallahı Sənaye Məhəlləsində əczaçılıq məhsullarının istehsalına çağırıb

KOBİA-nın rəhbəri iş adamlarını Pirallahı Sənaye Məhəlləsində əczaçılıq məhsullarının istehsalına çağırıb “Pirallahı Sənaye Məhəlləsində əczaçılıq məhsullarının istehsalı üzrə güzəştli fəaliyyət rejimi mövcuddur və sahibkarları bu imkandan yararlanmağa dəvət edirik”.
Biznes
20 Sentyabr , 2019 10:41
KOBİA-nın rəhbəri iş adamlarını Pirallahı Sənaye Məhəlləsində əczaçılıq məhsullarının istehsalına çağırıb

“Pirallahı Sənaye Məhəlləsində əczaçılıq məhsullarının istehsalı üzrə güzəştli fəaliyyət rejimi mövcuddur və sahibkarları bu imkandan yararlanmağa dəvət edirik”.

“Report”un məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda, rəhbərlik etdiyi qurumun yanında İctimai Şuranın təşkilatçılığı ilə “Tibb biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən forumda bildirib.

O.Məmmədov İctimai Şuranın yaradılmasını cəmiyyət – sahibkar – dövlət orqanları arasında səmərəli münasibətlərin qurulmasına verilən önəmin göstəricisilərdən biri kimi dəyərləndirib. O deyib ki, bir ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, İctimai Şura aktivdir.

Bundan başqa, O.Məmmədovun sözlərinə görə, tədbirin belə bir formatda təşkil olunmasında məqsəd sahibkarlarla dövlət orqanları arasında səmərəli əməkdaşlıq platformasını daha da genişləndirmək, bu sahədə mövcud çətinlikləri öyrənmək və həlli istiqamətində təkliflərin müzakirəsinə nail olmaqdır.

O.Məmmədov özəl tibb biznesinin inkişafı istiqamətində bir neçə təklif də səsləndirib. KOBİA rəhbərinin sözlərinə görə, tibb biznesi sektorunda da təşkilatlanmaya, aktiv ictimai birliklərin yaradılmasına ciddi ehtiyac var və KOBİA belə təşəbbüsləri dəstəkləməyə hazırdır: “Bu yaxınlarda işə düşən daxili bazar araşdırmaları mexanizmi tibb biznesi və əczaçılıq sektorunda bazar araşdırmalarının aparılmasında da istifadə oluna bilər. KOBİA belə müraciətlər olduğu təqdirdə müvafiq qaydalara uyğun olaraq biznes subyektlərinə dəstək göstərə bilər”.

Tədbirdə tibb biznesi sektorunu təmsil edən sahibkarlar və onlara xidmətlər göstərən dövlət orqanlarının və ictimai təşkilatların səlahiyyətli nümayəndələri, eləcə də İctimai Şuranın üzvləri iştirak edib.

Forumda tibb biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə dövlət-özəl sektor əməkdaşlığı müzakirə edilib, sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən özəl tibb sektorunun inkişafına dair müxtəlif təkliflər səsləndirilib. 

Son xəbərlər

Orphus sistemi