​Kəlbəcərdən olan məcburi köçkünlərə güzəştli kreditlər verilib

​Kəlbəcərdən olan məcburi köçkünlərə güzəştli kreditlər verilib Forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında işgüzar müzakirələr aparılıb
Biznes
17 Mart , 2016 14:27
​Kəlbəcərdən olan məcburi köçkünlərə güzəştli kreditlər verilib

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Kəlbəcərdən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Yevlax rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 100-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində SKMF tərəfindən hazırlanmış güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan cins heyvandarlıq, pendir istehsalı, arıçılıq və balın emalı, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Kəlbəcərdən olan 20 məcburi köçkün sahibkara 100 min manat güzəştli kredit verilib. Nazirlikdən verilən açıqlamaya görə, bu layihələrin reallaşması 20 yeni iş yerinin yaradılmasına imkan verir.

Forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında işgüzar müzakirələr aparılıb.

Bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, istehsal və emal müəssisələrinin avadanlıqlarının alınaraq gətirilməsi və quraşdırılmasına dəstək göstəriləcəyi qeyd edilib, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara güzəştli kreditlərin verilməsi və maarifləndirilməsidir.

Qeyd edilib ki, indiyədək 1 830 məcburi köçkün sahibkara 38,7 mln. manat güzəştli kredit verilib, bu kreditlərin reallaşdırılması nəticəsində 3 400-dən çox yeni iş yerinin yaradılması mümkün olub.

Tədbir çərçivəsində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş məcburi köçkün sahibkarların Yevlax rayonu, Malbinəsi qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi