JTI: "Birlikdə biz böyüyürük"

JTI: "Birlikdə biz böyüyürük" İrina Vorobyova: "İşçilərimiz öz gələcəyini şirkətin inkişafı və uzunmüddətli uğurlarına bağlayırlar"
Biznes
24 Oktyabr , 2016 13:31
JTI: Birlikdə biz böyüyürük

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu il "Japan Tobacco International" (JTI) şirkəti "Azərbaycanda ən yaxşı işəgötürən", "Avropada ən yaxşı işəgötürən", "Dünyada ən yaxşı işəgötürən" mükafatlarına layiq görülüb. Bununla əlaqədar "Report" JTI-ın Qafqaz regionunda insan resursları üzrə direktoru İrina Vorobyova ilə müsahibəsini təqdim edir:

- JTI-ın 2016-cı ildə “Dünyada ən yaxşı işəgötürən" mükafatı alıb. Şirkətinizin hansı üstünlükləri sayəsində dünyada ən yaxşı işə götürənlər arasında olması haqqında danışa bilərsinizmi?

- Üç il ardıcıl olaraq bu şərəfə layiq görülürük, həqiqətən xoşbəxtik. Qaliblər müəyyənləşdirilən zaman qaydalar, praktika və qiymətləndirmə səviyyəsində istedadlar strategiyası, işçi qüvvəsinin planlaşdırılması, fəaliyyətin idarə olunması, liderliyin inkişafı, maaş və mükafatlar, mədəniyyət və rifah mühiti dəqiq təhlil edilib. Ətraflı tədqiqat, Avropada və Asiya-Sakit Okean regionunda aparıcı şirkətlərlə müqayisə bizim üçün çox şey deməkdir. Bu halda, həm güclü tərəflərimizi, həm də gələcəkdə təkmilləşdirilməsi zəruri olan sahələri görürük.

- Siz sertifikatlaşdırma haqqında daha ətraflı nə danışa bilərsiz?

- Sertifikatlaşdırma "Top Employer Institute" (Ən Yaxşı İşəgötürən İnstitutu) tərəfindən keçirilib. Bu qurum dünya miqyasında öz əməkdaşları üçün yaratdığı şəraitə görə ən yaxşı işəgötürənləri müəyyən edir. Mənzil-qərargahı Niderlandda yerləşən təşkilat 1991-ci ildən qlobal olaraq ən yaxşı işəgötürənlərin qiymətləndirilməsi ilə məşğuldur. "Ən yaxşı işəgötürən" sertifikatı yalnız dünya miqyasında olan ən yaxşı işəgötürənlərə verilir. Başqa sözlə, bu, ən yüksək standartlara uyğun iş şəraiti təklif edən, işçilər üçün əmək şərtlərinin daim optimallaşdırılmasına çalışan, gələcəyə yönəlmiş iş mühiti təmin edən və öz işçilərinin inkişafına rəhbərlik edən şirkətlərdir. Sertifikatlaşdırma prosesi bir neçə mərhələdən - insan resursları praktikasının araşdırılması, informasiyanın toplanması/sənədlərin yoxlanılması və auditdən ibarətdir.

- Dünyada, xüsusilə də Azərbaycanda JTI ofislərində yüksək səviyyəli iş mühitini hansı xüsusiyyətlər yaradır?

- İnanırıq ki, əsl müvəffəqiyyətə yalnız şirkət və onun işçiləri birlikdə inkişaf etdikdə nail olmaq mümkündür. Bizim şüarımız belədir – "Birlikdə biz böyüyürük". Mənə elə gəlir ki, bu şüar şirkətin öz işçilərinə münasibətini çox gözəl təsvir edir, çünki hər bir işçi şirkət üçün çox qiymətlidir. Bundan başqa, yüksək səviyyəli iş mühiti işçi məmnunluğunu artırır, nəticə etibarı ilə işçilərin şirkətdə qalma vaxtını uzadır. Təhlükəsiz və rahat iş yeri və iş mühiti işçilər və şirkət üçün vacibdir. İş yerinin təhlükəsizliyinə çox diqqət yetirilir, ofisimizisə ən rahat iş şəraiti təmin edir. Ən yaxşı iş şəraiti yaradırıq, əvəzində isə işçilərin iştirakı artır. Tezliklə, Bakıdakı ofisdə işçilərin ixtiyarına istirahət otağı da veriləcək. Orada işçilər stresslərini ata biləcəklər. Ofisdə kitabxana açmağı, şahmat, pazl, musiqi alətləri və trenajorlarla təmin etməyi planlaşdırırıq.

İşçilərimizin sağlam həyat tərzini dəstəkləyirik və bir neçə istiqaməti xüsusi olaraq hazırlanmış "Formada ol" proqramında birləşdirmişik. Hər şeydən əvvəl, ofisdəki mətbəxdə meyvə və tərəvəzlər, süd məhsulları, bal və başqa mövsümi məhsullar, həmçinin pəhriz məhsulları təklif edilir. Vaxtaşırı, sağlamlığın və qidalanmanın əsas prinsiplərini izah etmək üçün ofisə diyetoloq dəvət edilir. Fiziki fəallıq növbəti istiqamətdir. İşçilərimiz üçün idman yarışları keçiririk, onları trenajor zalına və üzgüçülük hovuzuna abunə ilə təmin edirik. Nəticələrə nəzarət edilir və ən fəal idmançılar mükafatlandırılır.

- İşçilərinizə daha fəal olmağa, peşəkarcasına inkişaf etməyə və qoyulmuş məqsədlərə nail olmağa kömək edən daha hansı proqramlar var?

- Şirkətdə orta iş stajı 9 ildir. Düşünürəm ki, bu, XXI əsr üçün kifayət qədər uzunmüddətli göstəricidir. Eyni vəzifədə qalmaq və hər dəfə eyni tapşırıqları yerinə yetirmək böyük demotivasiya ola bilər. Buna görə də işçilərimizin peşəkar inkişafı üçün çeşidli imkanlar təklif edirik. İş coğrafiyasını dəyişmək və yeni funksiyalar əldə etmək vasitəsilə inkişaf etmək imkanını veririk. İşçilərin potensialını və bacarıqlarını qiymətləndirmək və onlara uğurlu karyera üçün zəmin yaratmaq məqsədi ilə ayrıca təlim və inkişaf qrupu yaradılıb. İnkişaf yalnız təlimlərin və ya kursların keçirilməsi deyil. Bizim inkişaf üsullarımız çoxdur. İşçilərə çoxfunksiyalı, yəni müxtəlif departamentlərin iştirakı ilə keçirilən layihələrə qoşulmaq və ya onları icra etmək imkanı verilir: yaradıcılığı stimullaşdırmaq üçün zəruri müasir vasitələrdən istifadə edirik. "Bringing Ideas to Life" ("İdeyanı həyata keçir") proqramı gördüyümüz hər bir işi təkmilləşdirmək üçün işçilər tərəfindən təklif edilmiş ideyaları toplayan maraqlı təşəbbüsdür. Bu, "aşağıdan-yuxarı" yanaşması işçilər arasında çox populyardır və ən yaradıcı işçilər mükafatlandırılır. Bu yanaşma işçiləri gündəlik tapşırıqlardan daha geniş düşünməyə və davamlı təkmilləşməyə nail olmaq üçün öz ideyalarını təklif etməyə həvəsləndirir. Daim təkmilləşmə fəlsəfəmiz təkmilləşmə üçün imkanlar axtarır və onları işçilərin fəaliyyətinə və öz işini mənimsəməsinə müsbət təsir edən real dəyişikliklərə çevirir. Bu, biznesimizə və insanlarımıza birlikdə böyüməyə imkan verir.

- İşçilərinizə davamlı təhsil və təlim sahəsində necə köməklik edirsiz?

- 2015-ci ildə hər bir işçi üçün təlim büdcəmiz 2 200 ABŞ dollarından çox olub. Artırmaq və inkişaf etmək istəyən işçi üçün dövri təlim kursları, onlayn təlim, mentorluq/kouçinq proqramları və ofis kitabxanasından ibarət müxtəlif metodlar və vasitələr mövcuddur. Bundan başqa, "Müəllim kimi menecer" proqramı vasitəsilə də öyrənmə və bilik mədəniyyəti yaradırıq. Bu proqram çərçivəsində hər bir menecerə öz komandasının səylərini dəstəkləmək və gücləndirmək,onların fəaliyyətini yaxşılaşdırmaq və məsləhət və rəhbərlik vasitəsilə onların tam potensialını reallaşdırmaq tapşırılır.

- Şirkət öz işçilərinin "iş-həyat" balansını necə dəstəkləyir?

- İndiki zamanda, iş və şəxsi həyat arasında balans yaratmaq həqiqətən də çətindir, lakin bu, iş məmnunluğu və məhsuldar iş mühiti üçün vacib şərtdir. Çevik iş qrafiki tətbiq etmişik: bu, işçilərə öz iş qrafikini dəyişməyə imkan verir. İşçi ofisdə keçirəcəyi "əsas" dörd saatı seçə, digər dörd saatı isə öz istədiyi kimi bölüşdürə bilər. Ayda bir dəfə işçi məsafədən iş rejimindən istifadə edə bilər, başqa sözlə desək, ona evdən işləməyə icazə verilir.

- Yeni peşəkarları necə tapırsız? Şirkətin "yeni beyinlərlə" zənginləşməsinə necə yanaşırsız?

- Son dörd il ərzində JTI xeyli böyüyüb. İşçilərin sayı 2011-ci ildən bəri Qafqazda üç dəfə, son 9 il ərzində Azərbaycanda iki dəfə artıb. Qeyd edilməlidir ki, Azərbaycanda çalışan 67 işçinin 64-ü azərbaycanlıdır. Personalımız çox peşəkardır və öz sahələrini gözəl bilirlər. Bəzi vəzifələrin xüsusi təcrübə tələb etməsinə baxmayaraq, tez-tez motivasiyalı və istedadlı gəncləri işə cəlb edirik. Həmişə nəzərdə tuturuq ki, biz onları münasibətlərinə görə işə götürür, bacarıqlarına görə isə öyrədirik. Təcrübə keçmə proqramları gənclərin biliyini yoxlamaq və onlara şirkətdə karyeraya başlamağa kömək etmək üçün hazırlanıb. "JUMP" ("Sıçrayış") qiymətli təcrübə, rəqabətli məvacib, işdən ayrılmamaqla təlim, habelə beynəlxalq biznes mühitində maraqlı layihələrdə iştirak imkanı verən qlobal təcrübə keçmə proqramıdır.

- JTI potensial işçilərində hansı keyfiyyətləri - bacarıqları, münasibətləri, qabiliyyətləri, bilikləri axtarır?

- JTI fərqli və əsl beynəlxalq biznesi təmsil edir. Bir tərəfdən, dinamik, yaradıcı və enerjili, digər tərəfdən isə dəqiq, keyfiyyəti əsas götürən və uzunmüddətli perspektivdən çıxış edən şirkətik. İlk növbədə, təşəbbüskarıq və işi fərqli şəkildə görməyə cəsarət göstəririk. İkincisi, açığıq və mədəniyyətlərin müxtəlifliyi bizi ruhlandırır. Nəhayət, biz tələbkarıq: davamlı təkmilləşməyə və hər işi keyfiyyətlə görməyə can atırıq. İşçilər şirkətin bu dəyərlərini bölüşür və onlarla yaşayırlar. Bu, bütün işlərdə qarşılıqlı hörmət və anlaşmaya imkan yaradır. Gözləyirik ki, işçilər şirkətə öz şirkətləri kimi yanaşacaqlar. Bu, yalnız səylə çalışmaq deyil, həm də yeniliklər etmək, təkmilləşmək və həmişə öz fikrini bildirmək, o cümlədən şirkətdaxili işçilərin iştirakı sorğusunda iştirak etmək deməkdir.

- İşçilərinizin fəaliyyətini necə təkmilləşdirirsiz? Bu zaman hansı amilləri nəzərə alırsız?

- İşçilərin fəaliyyətini yaxşılaşdırmaq üçün üç zəruri şərt mövcuddur: qabiliyyət (bilik və bacarıqlar, o cümlədən başqaları ilə işləmək), motivasiya və imkan. Bütün bunlar əməkdaşlarımızda var. Bundan başqa, JTI-da işçilərin fəaliyyətinin yaxşılaşdırılması iki istiqamətli prosesdir. Bir tərəfdən, fəaliyyətin qiymətləndirilməsi təhsil və inkişaf komandamızın rəhbərliyi altında aparılan illik sistematik prosesdir. Bu, ayrı-ayrı işçilərin fəaliyyətini qoyulmuş məqsədlərə görə müqayisə edir. Digər tərəfdən, işçilər də öz inkişaf ehtiyaclarını vaxtında qarşılamaq üçün bu prosesdə fəal iştirak edirlər. İşçilərin fikirlərini öyrənməyin daha bir gözəl yolu üç ildən bir keçirilən "İşçilərin İştirakı Sorğusu"dur. İşçilər bu sorğuda öz fikirlərini ifadə etmək və biznesi təkmilləşdirmək imkanı qazanırlar. "İşçilərin İştirakı Sorğusu" işçilərin motivasiyanın, iştirakının və öz iş mühitinə bağlılığının səviyyəsini ölçür. Daha sonra, işçilərin iştirakının yüksək olması biznesi gücləndirir, şirkətə öz məqsədlərinə çatmağa kömək edir, həm ayrı-ayrı işçilərin, həm də bütövlükdə şirkətin işini yaxşılaşdırır. Sonuncu belə sorğunu 2015-ci ilin may ayında keçirdik. Onun nəticələrinə əsaslanaraq, tədbirlərin planı hazırlanmışdır və növbəti üç il ərzində həyata keçiriləcək.

- Biz sizin insan resursları strategiyanızın bir çox istiqamətləri, eləcə də işçilərinizi dəstəkləmək üçün göstərdiyiniz səylər haqqında danışdıq. Bu, heyətedicidir. Amma nə üçün bu sahədə çox səy göstərilir? Siz yekunda nə gözləyirsiz?

- Aydındır ki, böyük və ya kiçik olmasından asılı olmayaraq heç bir şirkət onun məqsədlərini bölüşən və onlara nail olmağın yollarını başa düşən enerjili işçilər olmadan uzaq perspektivdə uğur qazana bilməz. Məqsədimiz aydındır: dünyada ən uğurlu və məsuliyyətli tütün şirkəti olmaq. İşçilərimiz qoyulmuş məqsədə nail olunmasında aparıcı qüvvədir. Bundan başqa, bu məqsədə çatmağın yolu da aydındır: işçilərin iştirakını artıran rahat iş yerinin təminatı. İşçilərin iştirakının artması uzunmüddətli inkişafa, davamlılıq və müvəffəqiyyətə can atan şirkət üçün çox əhəmiyyətlidir. Biz səmimiyyətlə inanırıq ki, şirkətdə iştiraka cəlb olunmuş işçilər onun gələcəyi haqqında düşünürlər və iş prosesinə tam nüfuz edirlər. Onlar sədaqətli olur və şövqlə çalışırlar, eyni zamanda öz gələcəklərini şirkətin inkişafı və uzunmüddətli uğurlarına bağlayırlar. Onlar möhtəşəm biznes nəticələri əldə etmək, şirkətin fəaliyyətini və uğurlarını artırmaq üçün əlavə iş görməyə hazırdırlar. "JTI Caucasus"un bütün işçiləri biznes böyüdükcə kamilliyin standart olduğu və uzunmüddətli perspektivdə düşünən son dərəcə rəngarəng mühitdə inkişaf edə bilərlər.

Mən şirkətlə onun işçiləri arasında psixoloji bağlılığın olduğuna qətiyyətlə inanıram. Bu o deməkdir ki, şirkət öz öhdəsinə düşəni edəndə, işçilər də öz öhdələrinə düşəni icra edəcəklər və birlikdə, biz şirkətimizi daha da təkmilləşdirərək gələcəkdə daha da ambisiyalı hədəflər seçə biləcəyik.


* Qeyd edək ki, JTI şirkəti 17 il əvvəl təsis edilib, "Japan Tobacco" (JT) şirkətlər qrupuna daxildir və aparıcı beynəlxalq tütün məmulatları istehsalçısıdır. Dünyanın 120 ölkəsində 26 min əməkdaşı var. Beynəlxalq şirkət kimi, JTI-ın mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir və bütün dünyada 364 ofisi var. Şirkət Azərbaycanda fəaliyyətə 2007-ci ildə başlayıb və bu gün şirkətdə 60-dan çox işçi çalışır.

Son xəbərlər

Orphus sistemi