Bakı. 03 yanvar. REPORT.AZ/ Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 2014-cü il ərzində 40,1% artaraq 1,791 mlrd. ABŞ dollarına çatıb.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən il ərzində Azərbaycandan İsrailə illik müqayisədə 40,2% çox - 1,767 mlrd. dollar həcmində mal ixrac olunub. Bu, ölkə üzrə məcmu ixracın 8,09%-nə bərabərdir.
Hesabat ilində İsraildən həyata keçirilən idxal əməliyyatlarının həcmində də artım müşahidə olunub. Belə ki, İsraildən idxal 23,959 mln. dollara çataraq 2013-cü ilə nisbətən 36,2% artıb. Bununla da İsraildən idxal ölkə üzrə məcmu idxalın 0,26%-ni təşkil edib.
Nəticədə, iki ölkə arasında ticarət dövriyyəsinin müsbət saldosu 40,2% artaraq 1,743 mlrd. dollar olub.
Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən, işğal olunmuş Fələstin ərazilərindən Azərbaycana ötən il ərzində 35,91 min dollar həcmində mal idxalı həyata keçirilib.