Yuxarı
    Bağlamaq

    ​“İxtiraçılıq sahəsində nailiyyətlərə görə” III Respublika Müsabiqəsi Komissiyasının ilk iclası keçirilib

    Müsabiqə ilə bağlı sənəd qəbulu aprelin 9-da başa çatıb

    Bakı. 21 aprel. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil edilən “İxtiraçılıq sahəsində nailiyyətlərə görə” III Respublika Müsabiqəsi Komissiyasının ilk iclası keçirilib.

    “Report”un Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclasda çıxış edən Komitənin sədri Ramiz Həsənov bildirib ki, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir: “Rəqabətqabiliyyətli və innovativ sənayeni müasir dünya bazarına çıxış üçün həlledici faktordur. Sənayenin rəqabətqabiliyyətliliyi artıq o qədər də investisiyaların həcmi ilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir. Əqli mülkiyyət obyektləri üzərində müstəsna hüquqların qorunması mexanizminin – patent sisteminin rolunun günü-gündən artır. Əqli mülkiyyət hüquqları ixtiraçıya və ya elmi-araşdırma mərkəzlərinə yaradıcı intellektual fəaliyyətdən mənfəət əldə etməyə imkan yaradan mexanizmdir. İxtiraçıların, patent sahiblərinin müvəffəqiyyəti onların əqli mülkiyyət obyektlərinin təsərrüfatda, sənayedə tətbiq olunmasından asılıdır. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bunun əyani sübutudur”.

    İxtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi baxımından perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması məqsədilə keçirilən “İxtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsinin rolunu komissiya üzvləri də yüksək qiymətləndiriblər.

    Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, professor Əhəd Canəhmədov, AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri, professor Rafiq Hüseynov və digərləri müsabiqəyə təqdim olunan patentlərlə tanış olduqlarını, onların sırasından sənayedə tətbiq imkanları daha aktual olanların seçiləcəyinə əminliklərini qeyd ediblər.

    Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov bildirirb ki, müsabiqə ilə bağlı martın 7-i tarixli elana uyğun olaraq, sənəd qəbulu aprelin 9-da başa çatıb. Ümumilikdə müsabiqə komissiyasına 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan 48 ixtira patenti barədə müraciət daxil olub. Patentlər arasında “İlin Patenti” nominasiyası ilə yanaşı, II, III yerlər üzrə də qaliblər müəyyən edilərək təqdimetmə mərasimində təltif ediləcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi