"İxraca hazır ol" layihəsi başa çatıb

"İxraca hazır ol" layihəsi başa çatıb Layihə iştirakçılarına sertifikatlar təqdim olunub
Biznes
27 Mart , 2017 19:22
İxraca hazır ol layihəsi başa çatıb

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə həyata keçirdiyi "İxraca hazır ol" layihəsi başa çatıb.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, layihə çərçivəsində kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan 20-ə yaxın iş adamı ixrac prosedurları barədə praktik və nəzəri baxımdan məlumatlandırılıb, onların bu sahədəki bilikləri genişləndirilib. 

Bundan başqa, "Azpromo" və GİZ tərəfindən ixraca dair bir sıra beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə təlimlər və forum keçirilib. Eyni zamanda Almaniyaya bir həftəlik təlim səfəri təşkil olunub və ixracatçılar üçün bələdçi kitabçası nəşr edilib.

Layihənin yekunlarına dair bu gün Bakıda keçirilən tədbirdə Fondun rəhbəri Rüfət Məmmədov son illər ölkədə ixracın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə aparılan islahatlar barədə məlumat verib, ixracatçıları yaradılan əlverişli şəraitdən yararlanmağa dəvət edib.

GİZ-in ölkə üzrə rəhbəri Sonia Fontainen və Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Theresa Schoenfeld belə layihələrin önəmindən danışıb.

Tədbirdə "Azpromo" və GİZ nümayəndələri tərəfindən "İxraca hazır ol" layihəsi barədə təqdimat keçirilib, layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, "İxraca hazır ol" layihəsi GİZ-in "Cənubi Qafqazda özəl sektorun inkişafı" proqramı çərçivəsində 2015-ci ildən etibarən kiçik və orta sahibkarlar üçün həyata keçirilir. Layihənin icrasında nəzəri maarifləndirmə, mübadilə və nəşrlər kimi 3 əsas komponentdən istifadə olunub.

Son xəbərlər

Orphus sistemi