İsveçrə şirkətləri Azərbaycanda bir sıra sahələrdə iş qurmaq niyyətindədir

İsveçrə şirkətləri Azərbaycanda bir sıra sahələrdə iş qurmaq niyyətindədir Bakıda Azərbaycan-İsveçrə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın VII iclası keçirilib
Biznes
10 Mart , 2016 15:53
İsveçrə şirkətləri Azərbaycanda bir sıra sahələrdə iş qurmaq niyyətindədir

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın VII iclası keçirilib. "Report" xəbər verir ki, Birgə Komissiyanın həmsədrləri - iqtisadiyyat naziri Şahin Mustafayev və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi Liviya Leunun rəhbərlik etdikləri iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri və tanınmış şirkətlərin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Komissiyanın həmsədri Ş.Mustafayev Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusi rolunu vurğulayıb. Bildirilib ki, İsveçrənin “Axpo” şirkəti TAP layihəsində 5%-lik paya malikdir və “Şahdəniz” yatağının 2-ci mərhələsi üzrə qazın alıcısıdır. Bundan başqa, İsveçrənin “ABB Global Marketing FZ-LLC” və “Trub Trading International AG” şirkətləri ilə də uğurlu əməkdaşlıq həyata keçirilir.

İsveçrə hökuməti tərəfindən indiyədək Azərbaycanda 90 mln. dollar dəyərində 30-dan çox layihə icra olunub ki, bunun 25-i SECO tərəfindən maliyyələşdirilib. Hazırda 8 layihənin icrası davam etdirilir. Bunların arasında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı layihə xüsusilə qeyd edilib.

İsveçrə nümayəndəsi L.Leu ölkələr arasında imzalanmış sənədlərin, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət və iqtisadi əməkdaşlıq, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənədlərin iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə geniş imkan yaratdığını diqqətə çatdırıb.

İclasda həmçinin Azərbaycanda əczaçılıq məhsullarının istehsalının yaradılması ideyası müzakirə olunub. Eyni zamanda qeyd edilib ki, “Holcim Azerbaijan” sement ixracına başlamağı planlaşdırır. İsveçrənin "ABB Global Marketing" şirkəti isə Azərbaycanda istehsalat sahəsinin qurulması imkanlarını araşdırır.

İclasın sonunda Birgə Komissiyanın iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri Ş.Mustafayev və L.Leu imzalayıblar. Protokolda sənaye, ticarət, investisiya qoyuluşu, kənd təsərrüfatı, enerji, turizm və s. sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Sənəddə həmçinin, tərəflərin ərazi bötövlüyü və suverenliyinə, habelə beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmətlə yanaşdıqları, fiziki və hüquqi şəxslərin fəaliyyətində bu prinsiplərə əsaslanmaq zəruriyyəti qeyd olunur. 

Son xəbərlər

Orphus sistemi