Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətiistehlakçıların maarifləndirilməsi istiqamətində“İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda Bakı Rabitə və Nəqliyyat Kollecində növbəti tədbir keçirib.
İqtisadiyyat Nazirliyindən “Report”a bildirilib ki, təhsil müəssisəsinin 200-dən çox müəllim və tələbələrinin iştirak etdiyi seminarda iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
“İstehlakçıların hüquqları və onların qorunması sahəsində görülən işlər”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda mühazirələrlə çıxış edən Dövlət Xidməti əməkdaşları istehlakçıların hüquqlarının müdafiəsi, eyni zamanda istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışıb. Dövlət Xidməti tərəfindən bu sahədə həyata keçirilən işlər barədə məlumat veriblər.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanıb.