Yuxarı

İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasının iclası keçirilib

Sahibkarların elektron qaydada da müraciət etməsi üçün texniki imkanların yaradılması işləri sürətləndiriləcək

Bakı. 12 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib. İclasda Şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər müzakirə olunub.

"Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, Apellyasiya Şurasının yaradılmasından sonra iqtisadiyyat nazirinin müvafiq əmrləri ilə “İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası haqqında” Əsasnamə, həmçinin Şuranın və onun Katibliyinin tərkibi təsdiq edilib.

İclasda Şura tərəfindən sahibkarların şikayətlərinin araşdırılmasının çevikliyinin təmin edilməsi və sənəd təminatı işlərinin təşkili məsələləri müzakirə olunub. Həmçinin, əsassız yazışmalara yol verilməməsi və işin səmərəli təşkili üçün Apellyasiya Şurasında baxılacaq şikayətlərin məzmun üzrə təsnifləşdirilməsi meyarlarının müəyyən olunması, Şuranın Katibliyinin fəaliyyətini tənzimləyən metodiki reqlamentin hazırlanması və sahibkarların elektron qaydada da müraciət etməsi üçün texniki imkanların yaradılması işlərinin sürətləndirilməsi qərara alınıb.

Qeyd edək ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasının tərkibinə Nazirliyin müvafiq strukturlarının məsul əməkdaşları daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi