Yuxarı

İqtisadiyyat Nazirliyi: Azərbaycanda un və çörək qonşu ölkələrdən ucuzdur

Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda unun yeni qiymətləri qonşu ölkələrdəkindən xeyli aşağıdır.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, qonşu Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır: "Çörəyin qiymətinə gəlincə isə Azərbaycanda hazırda əla növ buğda unundan bişirilmiş 500 qramlıq çörəyin pərakəndə satış qiyməti 30 qəpik təşkil edir. Əla növ buğda unundan bişirilmiş çörəyin 500 qramının pərakəndə satış qiyməti Gürcüstanda 50-70 qəpik, Türkiyədə 1.10-1.20 manat, Rusiyada 60-80 qəpik arasında dəyişir".

Qeyd edək ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub. Bunun nəticəsi olaraq hazırda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi