Yuxarı
    Bağlamaq

    İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

    Şahin Mustafayev: Azərbaycan-Türkiyə əlaqələri və əməkdaşlığı bütün istiqamətlər üzrə inkişaf edib

    Bakı. 7 aprel. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

    İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, Ş,Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mühüm fəaliyyətini, enerji və nəqliyyat sahələrində birgə layihələr həyata keçirildiyini vurğulayıb.

    Qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən nazir bu sahədə həyata keçirilən islahatlar barədə məlumat verib: "Müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar var. Hazırda Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir, Bakı Ticarət Limanının II mərhələsinin, azad ticarət zonası tipli Xüsusi İqtisadi Zonanın yaradılması və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində işlər davam etdirilir. Aktauda Azərbaycanın xarici ölkədə ilk logistik mərkəzi fəaliyyət göstərir və Türkiyə iş adamları bu logistik mərkəzin imkanlarından istifadə edə bilər. Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixrac üçün də imkanlar genişdir".

    E.Özoral iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialın böyük olduğunu vurğulayaraq, Naxçıvan Muxtar Respublikasından məhsulların Türkiyəyə ixracının mümkünlüyünü qeyd edib: "Yeni yaradılan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) fəaliyyəti ölkələr arasında iqtisadi əlaqələrin inkişafında, iş adamları arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacaq".

    Səfir Ş.Mustafayevi aprelin 29-da TÜİB-in təqdimatına dair tədbirə dəvət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi