İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edib Saatlıda keçirilən qəbulda 70-ə yaxın vətəndaş müraciət edib
Biznes
22 Yanvar , 2016 15:25
İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edib

Bakı. 22 yanvar. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Saatlıda vətəndaş qəbulu keçirib. “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Gənclər Mərkəzində təşkil edilən qəbulda nazir Saatlı, İmişli və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, qaldırılan mәsәlәlәrin operativ həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.

Nazirliyin səlahiyyətlərinə aid müraciətlərin bir qismi yerində öz müsbət həllini tapıb, bəzi vətəndaşlara müraciətləri ilə bağlı izahatlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə icra vəziyyəti nəzarətdə saxlanılmaqla müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin, suvarma infrastrukturunun yaradılması, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, meyvə emalı və meyvə konsentratı istehsalının təşkili, iri fermer təsərrüfatlarının yaradılması üçün torpaq sahələrinin ayrılması, sosial və s. məsələlərlə əlaqədar müraciət ediblər.

Bununla belə, qəbulda iştirak edən sahibkarlarla müzakirələr aparılıb, onların heyvandarlıq, quşçuluq, pambıq istehsalı və emalı, istixana təsərrüfatının yaradılması, çörək və qənnadı məhsullarının istehsalı, mebel istehsalı və s. sahələr üzrə təklifləri dinlənilib, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü nazir digər rayonlardan olan vətəndaşları da qəbul edib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər görülüb. Saatlıda keçirilən qəbulda 70-ə yaxın vətəndaş müraciət edib.

Qeyd edək ki, İqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən indiyədək bölgələrdə 34 vətəndaş qəbulu keçirilib, bu qəbullarda 1900-ə yaxın vətəndaş müraciət edib.

Son xəbərlər

Orphus sistemi