Yuxarı
    Bağlamaq

    İndoneziya sahibkarları Azərbaycana səfər edəcək

    Onlardan bir neçəsi ölkə iqtisadiyyatının inkişafında böyük rola malik olan dövlət şirkətləridir

    Bakı. 28 aprel. REPORT.AZ/ İndoneziya Azərbaycan ilə ticarət əlaqələrini genişləndirmək niyyətindədir.

    Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) "Report"a bildirilib ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Mohammad Natsir  ASK prezidenti Məmməd Musayevlə görüşündə məlumat verib.

    Səfir qeyd edib ki, hazırda 270 mln. nəfər əhalisi olan İndoneziyanın sahibkarları Azərbaycandakı iş adamları ilə əlaqələrini artırmaq, birgə investisiya layihələri həyata keçirmək istəyirlər: "Bu ilin ilk rübü üzrə statistikaya əsasən, İndoneziya iqtisadi inkişaf səviyyəsinə görə dünyada 3-cü ölkə olub. “Böyük 20-lik”də isə 16-cı yerdədir. Yaxın gələcəkdə isə ilk beşliyə düşməyi planlaşdırır. İqtisadi vəziyyətinə görə Cənub-Şərqi Asiya ölkələri sırasına başçılıq edən İndoneziya son 10 ildə qızıl istehsalına görə dünya birincisidir. Bizim iqtisadiyyatımız mədən sənayesində böyük uğurlar qazanıb. Dünya ölkələrinə mis, alüminium ixrac edirik. Adalardan ibarət olan İndoneziya dəniz məhsullarının istehsalında da böyük uğurlar qazanıb".

    M.Natsir vurğulayıb ki, Bakıda olduğu bir il müddətində bir çox işgüzar görüşlər keçirib və azərbaycanlı iş adamları ilə iqtisadi əlaqələrin inkişafında ASK-nın böyük rolu var: "Sənaye sahəsində uğurlu əməkdaşlıq imkanları var. Ölkəmiz təyyarə, gəmi, “Toyota”nın müxtəlif hissələrinin istehsalında modern təcrübəyə malikdir. Bu ilin mayında Azərbaycana 35 nəfərdən ibarət indoneziyalı iş adamlarının səfəri nəzərdə tutulur. Onlardan bir neçəsi ölkə iqtisadiyyatının inkişafında böyük rola malik olan dövlət şirkətləridir".

    Səfir səfər çərçivəsində ASK ilə görüşlərin təşkil edilməsini xahiş edib: "Azərbaycanlı sahibkarları da İndoneziyaya dəvət edirik. Perspektivləri öyrənmək, yaxın dostluq münasibətlərinə çevirmək əlaqələrimizin inkişafından da yan ötməyəcək”.

    M.Musayev Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb: "İndoneziya ilə ticarət əlaqələrini genişləndirmək ölkələrimiz üçün faydalı olacaq. İndoneziyada boksit olduğunu nəzərə alsaq Azərbaycandakı alüminium zavodu ilə birgə əməkdaşlığı qura bilərik”.

    Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi