"İdeyadan biznesə doğru" müsabiqəsinə yekun vurulub

"İdeyadan biznesə doğru" müsabiqəsinə yekun vurulub İnkubatorun 19 iştirakçısına təlimlərdə fəal iştiraklarına görə sertifikatlar verilib
Biznes
20 Dekabr , 2016 20:21
İdeyadan biznesə doğru müsabiqəsinə yekun vurulub

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin biznes inkubator iştirakçıları arasında elan etdiyi “İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə,ədbirdə İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Gənclər Fondunun, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları və Xaçmaz şəhərində fəaliyyət göstərən gənc sahibkarlar və menecerlər iştirak ediblər.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Nazir müavini ölkədə gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət göstərildiyini vurğulayıb: "Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkəmizdə 4500-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 14200-dən çox yeni iş yerləri yaradılıb".

"Biznes inkubatorların yaradılması gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. "İdeyadan biznesə doğru” müsabiqəsinin keçirilməsində məqsəd biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənclərin perspektivli və innovativ biznes ideyalarının müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır".

Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi ilə “İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri elan olunub. Onlara mükafatlar təqdim edilib. Biznes inkubatorun 19 iştirakçısına təlimlərdə fəal iştiraklarına görə sertifikatlar verilib. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator otaqlarının açarları iştirakçılara təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi