Yuxarı

​“Harmonik sistem 2017-yə dəyişikliklər” üzrə regional seminar keçirilir

Seminar 4 gün davam edəcək

Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin 25-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində “Harmonik sistem 2017-yə dəyişikliklər” üzrə Ümumdünya Gömrük Təşkilatının regional seminarı öz işinə başlayıb. Bu barədə “Report”a DGK Mətbuat Xidmətindən məlumat verilib.

Ümumilikdə 19 ölkənin gömrük xidmətləri nümayəndələrinin qatıldığı seminar Azərbaycan Dövlət Gömrük Komitəsi, Ümumdünya Gömrük Təşkilatı və Koreya Gömrük Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə keçirilir.

Seminarın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini Rza Həsənəliyev bildirib ki, coğrafi baxımdan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşməsinin, Şimal-Cənub, Şərq-Qərb arasında körpü rolu oynamasının Azərbaycanın inkişafı üçün münbit şərait yaradıb.

R.Həsənəliyev tarixi İpək Yolunun Azərbaycandan keçməsinin beynəlxalq ticarətdə intensiv əlaqələr qurulmasına və müasir gömrük sisteminin formalaşmasına önəmli töhfə verdiyini bildirib.

Komitə rəsmisi Harmonik sistemin ilk növbədə xarici ticarətin asanlaşdırılması və inkişafında mühüm rol oynadığını, bu sahədə tərəflərin öz bilik və təcrübələrinin bölüşməsinin ümumi işə töhfə verəcəyini deyib.

Daha sonra Ümumdünya Gömrük Təşkilatının nümayəndəsi Yara Novis, Koreya Gömrük xidmətinin nümayəndəsi Yeon Ho Kang və Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin nümayəndəsi Aydın İmaşev müzakirə olunacaq məsələlər və seminarın gömrük işinin səmərəli təşkilində rolu barədə fikirlərini iştirakçılarla bölüşüblər.

Ümumilikdə 4 gün davam edəcək seminarda mütəxəssislər ÜGT və onun missiyası, ÜGT-nin Strateji Planı, ÜGT-nin Gəlirlər Paketi, Harmonik Sistem haqqında Konvensiya, Harmonik Sistemlə əlaqədar Komitələr və Harmonik Sistemin yenilənməsində onların rolu, Harmonik Sistem 2017 istifadəçilərinə kömək etmək üçün Harmonik Sistem alətləri, Harmonik Sistem 2017-yə Dəyişikliklər haqqında ümumi məlumat və digər məsələlər barədə iştirakçılara məlumat verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi