Georqi Areşidze: "Gürcüstan Azərbaycana yeni sürət qatarları satmağı planlaşdırır"

Georqi Areşidze: "Gürcüstan Azərbaycana yeni sürət qatarları satmağı planlaşdırır" "Bununla əlaqədar hazırladığımız yeni layihəni və müvafiq sənədləri Azərbaycan tərəfinə təqdim etmək üçün gələn ay Bakıya səfər edəcəyik"
Biznes
6 May , 2016 13:47
Georqi Areşidze: Gürcüstan Azərbaycana yeni sürət qatarları satmağı planlaşdırır

Tbilisi. 6 may. REPORT.AZ/ "Gürcüstanın Vaqonqayırma Zavodu yeni, yüksək keyfiyyətli yük və sərnişin vaqonları, elektrik qatarları istehsal edir. Gürcüstan bu qatar və vaqonları sərfəli qiymətlərlə Azərbaycana satmaq niyyətindədir. Bununla əlaqədar yeni təkliflər paketi hazırlanıb və yaxın günlərdə həmin paket Azərbaycan tərəfinə təqdim olunacaq".

Bunu "Report"a açıqlamasında Gürcüstan Vaqonqayırma Zavodunun direktoru Georqi Areşidze deyib.

O deyib ki, zavod uzun illərdir "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə əməkdaşlıq edir: “Biz Azərbaycana sərnişin və yük vaqonları satırıq. Zavod Avropa standartlarına cavab verən yeni yük və sərnişin vaqonlarının, elektrik qatarlarının istehsalına başlayıb. Bunun üçün lazım olan lisenziya alınıb. Çinli mütəxəssislərlə birgə istehsal etdiyimiz sürət qatarları hazırda Tbilisi-Batumi şəhərləri arasında fəaliyyət göstərir. Sərnişinlər və qonaqlar vaqonların rahatlığından razılıq edirlər”.

G.Areşidzenin sözlərinə görə, zavodda postsovet və Avropa ölkələrinin dəmir yolları üçün nəzərdə tutulan vaqonlar istehsal olunur. 

Direktor qeyd edib ki, vaqon istehsalında lazım olan metal konstruksiyaları hazırlamaq üçün metallurgiya zavodu da alınıb: "İstehsal etdiyimiz yüksək keyfiyyətli vaqonların qiymətləri və sərfəlidir. Ona görə də düşünürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi aktuallaşdıqdan sonra ADY bu cür sürət qatarları ilə, xüsusilə də yük vaqonları ilə maraqlanacaqdır. Biz bununla əlaqədar hazırladığımız yeni layihəni və müvafiq sənədləri Azərbaycan tərəfinə təqdim etmək üçün gələn ay Bakıya səfər edəcəyik”.

Son xəbərlər

Orphus sistemi