​Goranboyda sahibkarlara 663 min manat güzəştli kredit verilib

​Goranboyda sahibkarlara 663 min manat güzəştli kredit verilib Rayonda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib
Biznes
19 Noyabr , 2015 13:13
​Goranboyda sahibkarlara 663 min manat güzəştli kredit verilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunun Goran qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Tədbirdə Goranboyda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib.

“Report” Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, 70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Goranboyda iqtisadi potensialın reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, intensiv bağçılıq, arıçılıq təsərrüfatları, meyvəqurutma, pendir, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri və dəmir qapı istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Forumda çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev indiyədək Goranboyda fəaliyyət göstərən 812 sahibkara 10,1 mln. manat güzəştli kredit verildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5 690 investisiya layihəsinin maliyyələşdirilməsinə 210,8 mln. manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Goranboy və ətraf rayonlardan olan 57 sahibkara 663 min manat güzəştli kredit verilib. Sahibkarlara verilən kreditlər əsasən heyvandarlıq, quşçuluq, tərəvəzçilik, əkinçilik, üzümçülük, tamet istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Bununla yanaşı, forum çərçivəsində Goranboyda güzəştli kredit ayrılan 200 başlıq cins heyvandarlıq təsərrüfatına baxış keçirilib. Son illərdə güzəştli kreditlər hesabına ildə 189,6 min ton süd və 2,1 min ton ət istehsal etmək gücündə olan 24 cins heyvandarlıq kompleksinin yaradılmasına 96,6 mln. manat və illik emal gücü 200 min ton olan 8 süd emalı müəssisəsinin maliyyələşdirilməsinə 19,1 mln. manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi