Yuxarı

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərracda 35 dövlət əmlakı özəlləşdirilib

Bugünkü hərracın nəticəsində özəlləşdirmədən dövlət büdcəsinə 1 mln. manatdan çox vəsait köçürüləcək

Bakı. 11 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracı keçirib. 

"Report" xəbər verir ki, yerli və xarici investorların məhdudiyyətsiz iştirak etdiyi açıq hərracda səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı baş tutub.

Budəfəki hərrac zamanı ümumilikdə 35 dövlət əmlakı özəlləşdirilib. Bu hərracın nəticələrinə görə, dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1 mln. manatdan çox vəsait köçürüləcək.

Hərrac 5 kiçik dövlət müəssisə və obyektinin satışı üzrə bir əmlaka bir neçə sifariş verilməsi səbəbindən rəqabətli olub. Bu əmlaklar Bakının Nəsimi, Xətai rayonlarında və Sumqayıt şəhərində yerləşən istifadəsiz qeyri-yaşayış sahəsi və obyektlərdir. Belə ki, Sumqayıt şəhərində yerləşən emalatxana və Bakının Nəsimi rayonundakı 5 mərtəbəli binanın zirzəmisi (16,5 kv.m) üçün 2 sifarişçi qeydə alınıb. Nəsimi rayonundakı eyni binanın 24,8 kv.m-lik zirzəmisi üçün 3 sifarişçi, 40,2 kv.m-lik digər zirzəmiyə isə 2 sifarişçi özəlləşdirmək üçün iddialı olub. Digər 2 sifarişçi isə Xətai rayonunda yerləşən 9 mərtəbəli binanın 37,8 kv.m-lik zirzəmisini hərrac vasitəsilə əldə etmək üçün elektron sifariş verib. 

Hərracda 2 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 20 kiçik dövlət müəssisə və obyekti və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Satılan səhmdar cəmiyyətləri istehsal sahəsinə aid olan “Saxsı qablar” ASC və “Beyləqan dəmir beton” ASC-dir. Bu müəssisələrin özəlləşdirilməsindən sonra qoyulacaq investisiya sayəsində onların fəaliyyətinin müasir tələblər əsasında bərpası mümkün olacaq. 

Özəlləşdirilən kiçik obyektlər və qeyri-yaşayış sahələrinin 14-ü paytaxtda, 6-sı isə Azərbaycanın digər şəhərlərində (Sumqayıt, Mingəçevir, Şəki və Gəncə) yerləşir. Kiçik dövlət əmlakları ticarət, ictimai iaşə, xidmət və digər sahələrə aid olub. 

Növbəti hərrac oktyabrın 25-də keçiriləcək. Bu hərrəcda 84 dövlət əmlakı satışa çıxarılacaq.

Qeyd edək ki, hərracda iştirak üçün Komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Bundan sonra iştirakçı statusu qazanan vətəndaş hərracda qalib olaraq əmlak sahibi ola bilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi