Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
“Report” xəbər verir ki, hərracda Bakının Xətai, Suraxanı və Nərimanov rayonlarında yerləşən qeyri-yaşayış sahələri, eləcə də nəqliyyat vasitələri rəqabət şəraitində özəlləşdirilib.
Sahibi dəyişən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi isə 17-55 kv.m arasında dəyişir. Onlardan paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı 2 sifariş verilib. Əmlakın ilkin start qiyməti 7,5 min manat olduğu halda, sonda 12,2 min manata özəlləşdirilib. Bu obyektin ümumi faydalı sahəsi 50 kv.m-ə yaxındır.
Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərraclarda yaşanan tendensiya nəqliyyat vasitələrində də müşahidə edilib. Belə ki, hərraca çıxarılan “Toyota Land Cruiser GX” markalı minik avtomobilinə 4 sifariş verilib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 9,5 min manat olsa da, 13 545 manata sahibini tapıb. Qalib evindən internet vasitəsilə onlayn qatılan sifarişçi olub. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi “Nissan Sunny” markalı minik avtomobili olub. Maşına 5 sifariş verilib. İlkin start qiyməti 2 min manat olan avtomobil sonda 3 min manata özəlləşdirilib. Hər iki avtomobilin buraxılış tarixi 2001-ci ildir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir: