Yuxarı

Azərbaycan elektron ticarətin rüsumsuz hissəsinin məhdudlaşdırılması ilə bağlı müzakirələr aparır

Azərbaycanın gömrük keçid məntəqələrində yeni skaner aparatları quraşdırılır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın Yalama və Böyük Kəsik gömrük keçid məntəqələrində yeni skaner aparatlarının quraşdırılması işləri yekunlaşmaq üzrədir. "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, əksər gömrük keçid məntəqələrində belə aparatlar quraşdırılıb: "Böyük skaner aparatlarının qurulması işi qurtarmaq üzrədir. Hazırda dəmir yolunda Böyük Kəsik və Yalama stansiyalarında da bu avadanlıqlar qurulur. Yüklərin keçdiyi əsas gömrük keçid məntəqələrində bu avadanlıqlar artıq qurulub".

A.Əliyev gələn ilin dövlət büdcəsində enerji daşıyıcılarının qiymətinin aşağı göstərilməsi ilə bağlı DGK-nin üzərinə düşən vəzifələri necə yerinə yetirməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: "Borcumuz büdcəyə vəsaitlərin toplanmasında proqnozları yerinə yetirməkdir. Amma müəyyən çətinliklər var. Məsələn, azad iqtisadi zonadan və MDB ölkələrindən gələn mallardan rüsum tutulmur. Həmçinin, bəzi məhsullar ƏDV-yə cəlb edilmir. Məhz bunlar müəyyən çətinliklər yaradır".

Komitə sədri, həmçinin elektron ticarət zamanı vergiyə cəlb edilməyən 1 000 dollarlıq maksimal həddin azaldılması ilə bağlı müzakirələrin davam etdiyini deyib: "Hazırda mobil telefonlarla bağlı təkliflə çıxış etmişik. MDB ölkələrinin gömrük orqanları rəhbərlərinin Şurasının toplantısında da bu məsələ qaldırılıb. Bunu Rusiya tərəfi qaldırıb. Bu o deməkdir ki, belə problemlər təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də var və bunun ticarət dövriyyəsinə böyük təsiri var. Biz də mobil telefon ticarəti ilə bağlı qaydaların yaradılması ilə bağlı təklif etmişik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi