Yuxarı
    Bağlamaq

    Ekspertlər: Yeni qaydalar Azərbaycana siqaret qaçaqmalçılığını stimullaşdırır - MONİTORİNQ

    Ödəniş əməliyyatlarının çətinləşməsi daxili siqaret bazarında qıtlıq yaradıb

    Siqaret bazarı ölür? Yeni qaydalar və qaçaqmalın cəngində qalan istehlakçı

    Bakı. 9 fevral. REPORT.AZ/ Artıq yarım aydır ki, Azərbaycanda tütün məmulatlarının nağdsız satışı ilə bağlı yeni qanunvericilik sənədi qüvvəyə minib. Yeni qaydalara görə, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər. İstənilən dükan siqaret almaq üçün ya bank hesabına, ya da VÖEN-ə bağlı kart hesabına malik olmalıdır. Qərarın əsas məqsədi şəffaflığı təmin etmək olsa da, onun icrası ilə əlaqədar müvafiq maarifləndirmə və hazırlıq işlərinin aparılmaması, yeni qaydalara uyğunlaşmaq üçün müəyyən keçid dövrünün olmaması, habelə sahibkarların bütövlükdə belə qərara hazır olmaması nəticəsində onun starteji məhsul olan siqaret bazarına vurduğu ziyan artıq göz qabağındadır.

    "Report"un analitik qrupunun bazarda apardığı müşahidələr, eləcə də topdan və pərakəndə satış obyeklərinin nümayəndələri ilə söhbətlər yeni qaydaların heç də birmənalı olmadığı, onun həm biznesə, həm də istehlakçılara ciddi ziyan vurduğu qənaətinə gəlinir. Müşahidələr göstərib ki, hazırda qanuni şəkildə istehsal edilən siqaretləri əsasən Bakıda yerləşən iri supermarket şəbəkələrində tapmaq mümkündür. Hətta onlar üçün də siqaretləri vaxtlı-vaxtında əldə etmək asan deyil. Bu da öz növbəsində bəzi siqaretlərin qıtlığı ilə nəticələnir. Belə supermarketlərin sayı isə çox deyil. Lakin istehlakçılar siqaret almaq üçün adətən iri marketlərə müraciət etmirlər, onların siqaret almaq üçün tez-tez müraciət etdikləri orta və kiçik dükanlarda isə siqaret qıtlığı yaranıb. Maraqlısı odur ki, aksiz markalı siqaretlərin əsas satış mərkəzləri olan iri topdansatış müəssisələri, yəni iri supermarketlər tələb edilən bank hesabı və ya VÖEN-ə bağlı kart hesabı ilə siqaret alınmasını rahat şəkildə həyata keçimək imkanlarına malikdir. Belə ki, bu cür marketlərin maliyyə xidmətləri mövcuddur.

    Vəziyyət Bakıdan uzaqlaşdıqca daha da acınacaqlı hal alır. Piştaxtalarda leqal siqartetlərin yerini qaçaqmal yolu ilə gətirilən, büdcəyə heç bir vergi və rüsumu ödənilməyən, mənşəyi bilinməyən siqaretlər tutur. Belə siqaretlərə qarşı mübarizə isə ənənəvi olaraq aparılmır. Nəticədə, bundan həm dövlət, həm də biznes itirir. Qazanan isə qaçamalın satışı ilə məşğul olan cinayətkar qruplardır.

    "Report"la söhbətdə Bakıdakı dükanlardan birinin sahibi deyib ki, yeni qaydalardan sonra siqaretləri nağdsız qaydada almaqdansa, asan yolla təklif edilən qaçaqmal siqaretləri nağd alıb-satmaq daha rahatdır: “Əksər insanlar üçün fərqi yoxdur, əsas odur ki, siqaret olsun. Üstəlik, bu (qaçaqmal) siqaretlər daha münasib qiymətə - 1,00-1,50 manata təklif edilir”. Görünür, siqaretlərin belə ucuz olması onların qanuni yolla gətirilib satılmadığına görədir.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi statistik məlumatları göstərir ki, 2015-ci ildə Azərbaycanda aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 2 311 095 ədəd xaricdə istehsal edilən siqaret aşkar edilib. 2016-ci ildə isə bu rəqəm 5 921 712 ədəd və ya 2,56 dəfə çox olub (356% artım). 2017-ci ilin 16 yanvar- 4 fevral tarixlərində isə ölkəyə 269 800 ədəd aksiz markası ilə markalanmayan siqaretlər keçirilməsinə cəhd edillib və bu, təkcə aşkarlanan faktlardır.

    Yerli qanunvericiliyə görə, Azərbaycanın aksiz markası ilə markalanmamış tütün məmulatlarının əldə edilməsi, saxlanması və satışı inzibati və cinayət məsuliyyəti yaradır. Bunun üçün İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq dəyişikliklər də edilib.

    Bazarda rast gəldiyimiz qaçaqmal siqaretlərindən "NZ", "Korona", "Kent", "Cavallo", "Marlboro", "Manchester", "Senator", "Continent", "Winston", "GM", "D&J", "West", "Government", "Mehr", "M1", "Dulao", "MM", "RM", "S&K" və digərlərinin adını çəkmək olar. Təəssüf ki, bu siyahını uzatmaq da mümkündür.

    Qanuni siqaretlərin dükanlara paylanmasında meydana çıxan problemlər onların qiymətlərinin süni şəkildə artırılması ilə də nəticələnib. Müşahidələr onu göstərir ki, əvvəllər 2,50 manata satılan “Winston” siqaretləri hazırda 2,70-2,80 manata, 2,70 manata satılan “Kent” 3,30-3,40 manata, 1,60 manata satılan “West” isə 1,80-1,90 manata satılır.

    Bakıda topdansatış obyektlərindən birinin nümayəndəsi qeyd edib ki, siqaretin distribusiyasını həyata keçirən şirkətlər də şikayət edirlər: "Dükanların çoxu onlardan mal ala bilmir. Deyilənə görə, əvvəllər bir həftəyə 10 000-dən çox topdan və pərakəndə satış obyekti siqaret alırdı, indi isə bu rəqəm 25-30 dəfə azalıb". Təkcə bu rəqəmlərə diqqət yetirməklə məsələnin nə qədər ciddi olduğunun fərqinə varmaq mümkündür.

    İqtisadçı-ekspert Vüqar Bayramov əlavə edib ki, iri topdansatış müəssisələri siqaretin nağdsız şəkildə satılmasına maraq göstərmir: "Siqaretin nağdsız satılması ilə bağlı qərar əslində başa düşüləndir. Çünki siqaret bazarında dövriyyə o qədər böyükdür ki, onu hesablamaq və dövlət vergisinə cəlb etmək çətin idi. Dövlət qurumları bu dövriyyəyə nəzarət edə bilmirdilər. Odur ki, siqaret satışının vergiyə cəlb edilməsi üçün nağdsız hesablaşmaların həyata keçirilməsinə qərar verildi. Düşünürəm ki, dövlət qurumlarının iri topdansatış siqaret müəssisələri ilə birbaşa danışıqlar aparmasına ehtiyac var. Məncə, burada maarifləndirmə tədbirləri də tələb olunur. Dövlət qurumları bu problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıdır. Problem uzandıqca bazardakı siqaret qıtlığı da davam edəcək".

    Beləliklə, yeni qaydaların fəsadları – qanuni siqaretlərin qıtlığı, qaçaqmal siqaretlərin geniş vüsət alması, qiymətlərin süni artması, istehlakçıların mənşəyi bilinməyən məhsullarla üz-üzə qalması və dövlət büdcəsinə gedən vergi və rüsumların azalması – deyəsən hələ aysberqin görünən hissəsidir. Eyni zamanda, belə vəziyyətin nə qədər davam edəcəyi də məlum deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi