Yuxarı

Ekspert: "​Maşın bazarı"ndakı yanğın qiymətlərə ciddi təsir etməyəcək"

Ramil Osmanlı: Bu hadisə nəticəsində qiymətlərə təsir yalnız qısamüddətli ola bilər

Bakı. 1 iyul. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda yerləşən avtomobil ehtiyat hissələri satışı bazarında ötən gün baş verən yanğının daxili bazardakı qiymətlərə təsiri qısamüddətli olacaq. 

Bunu “Report”a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

"Bu hadisə təqribən bir aya qədər müddətdə daha çox istismarda olan və servisi rəsmi servislər tərəfindən həyata keçirilməyən avtonəqliyyat vasitələrinin ehtiyyat hissələrinin dövriyyəsində təklifin azalmasına gətirib çıxaracaq. Bu da müəyyən qiymət artımına səbəb ola bilər", - deyə Mərkəzin rəhbəri bildirib.

“Lakin ola bilər ki, bu hadisə qiymətlərə cüzi təsir etsin. Amma bu təsirin uzunmüddətli olacağına inanmıram. Düşünürəm ki, bu daha çox iqtisadi baxımdan dəyərləndirilməli məsələ deyil. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, yanan bazarın xırda detalların satıldığı ərazidir. O hissələrin də bazarda kifayət qədər alternativi var. Bu baxımdan, ancaq qısamüddətli təsirin olmasına inanıram”, - deyə analitik vurğulayıb.

Xatırladaq ki, ötən gecə Xətai rayonu ərazisində (Babək prospektində) yerləşən avtomobil ehtiyat hissələri satışı bazarında (köhnə "Maşın bazarı") yanğın baş verib. Ümumi ərazisi 3 000 kv.metr olan bazarın 930 kv.metrlik hissəsi yanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi