​Ekspert: Azərbaycanda kredit almaq istəyən kiçik və orta sahibkarlıq subyektləri hesabatlarını saxtalaşdırır

​Ekspert: Azərbaycanda kredit almaq istəyən kiçik və orta sahibkarlıq subyektləri hesabatlarını saxtalaşdırır Bu isə kreditor banklar üçün əlavə risklər yaradır
Biznes
28 Yanvar , 2015 12:28
​Ekspert: Azərbaycanda kredit almaq istəyən kiçik və orta sahibkarlıq subyektləri hesabatlarını saxtalaşdırır

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanda kredit almaq istəyən kiçik və orta sahibkarlıq (KOS) subyektləri bəzən maliyyə hesabatlarını saxtalaşdırır. Bu isə kreditor bank üçün əlavə risklər yaradır. "Report"un məlumatına görə, bunu Dünya Bankının (DB) Azərbaycan Sahibkarlar Konfederesiyası ilə birlikdə icrasına başladığı "Daşınar əmlaka əsaslanan kreditləşmə Layihəsi" ilə bağlı bu gün keçirilən konfransda "Bank Respublika" ASC-nin kredit risklərinin idarə edilməsi şöbəsinin müdiri Rasim Qasımov deyib.

R.Qasımovun fikrincə, hazırda ölkədəki 600 mindən artıq sahibkarlıq subyektinin 580 mindən çoxu KOS subyektləridir. Bunun da səbəbi onların qeydiyyat prosesinin daha asan olması ilə bağlıdır.

"Hazırda ölkədə KOS subyektlərinə kredit verən bankların əməliyyat riskləri daha çoxdur. Çünki bu işlə məşğul olan bankların ixtisaslı əməkdaşlarının sayı çox olmalıdır. Bu isə əlavə xərclərlə bağlıdır. Digər risklər isə maliyyə hesabatlarının şəffaf olmaması ilə əlaqədardır. Bu, iki səbəbdən baş verir. Birincisi, maliyyə savadsızlığı, ikincisi isə qəsdən maliyyə hesabatlarının saxtalaşdırılmasıdır", - deyə "Bank Respublika" təmsilçisi bildirib.

R.Qasımov hesab edir ki, hazırda daşınmaz əmlakı girov qoya bilməyən KOS-lar maksimum 20-30 min dollar məbləğində kredit ala bilər: "KOS-ların yaradılması üçün qeydiyyatın asan olması onların sayının çox olmasından da görünür. Onu da deyim ki, hazırda iqtisadi mühitdəki dəyişikliklərə ən asan uyğunlaşma KOS-larda mümkün olur. Amma bütün bunlar onlara müəyyən çətinliklər də yaradır. Əksər KOS-ların şəxsi kapitalının azlığı kreditin məbləğinin az olmasına da təsir edir".

Son xəbərlər

Orphus sistemi