Bakı. 31 avqust. REPORT.AZ/ Əfqanıstan Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya yük daşımalarına başlayacaq.
“Report”un Əfqanıstan mətbuatına istinadən verdiyi xəbərə görə, “Lapis Lazuli” beynəlxalq tranzit dəhlizi üzrə ilk yük qatarı yaxın zamanlarda yola salınacaq.
Məlumata əsasən, Əfqanıstandan Avropaya ilk olaraq əl işləri və quru meyvələr daşınacaq. “Lapis Lazuli” dəhlizi ilə Əfqanıstan Avropaya daha sonra xalça, zəfəran, müalicəvi bitkilər və digər məhsullar ixrac etməyi planlaşdırır.
Əfqanıstanın Ticarət və Sənaye Palatasından bildirilib ki, “Lapis Lazuli” dəhlizi Əfqanıstan və Asiya ölkələrindən məhsulların Avropaya daşınması üçün ən qısa, təhlükəsiz və az xərc tələb edən yoldur.
Qeyd edək ki, “Lapis Lazuli” marşrutu barədə saziş Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında ötən ilin noyabrında Aşqabadda imzalanıb.