EBRD-nin yeni nümayəndəsi Azərbaycan hökumətinə təqdim edilib

EBRD-nin yeni nümayəndəsi Azərbaycan hökumətinə təqdim edilib AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin yeni rəhbəri İvana Duarte olacaq
Biznes
16 Sentyabr , 2016 17:54
EBRD-nin yeni nümayəndəsi Azərbaycan hökumətinə təqdim edilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB, EBRD) Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvaneranı qəbul edib.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və AYİB arasında əməkdaşlıq, ölkədə aparılan iqtisadi islahatlar, iqtisadiyyatın prioritetləri barədə müzakirələr aparılıb. AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin yeni rəhbəri İvana Duarte Azərbaycan tərəfinə təqdim olunub.

Ş.Mustafayev yeni vəzifəyə təyin olunması münasibətilə İvana Duarteni təbrik edib, fəaliyyətinin Azərbaycan-AYİB əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycan və AYİB arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu diqqətə çatdıran Şahin Mustafayev bankın ölkəmizdə özəl sektorun inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayıb: "Sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində Azərbaycanda geniş islahatlar həyata keçirilir. Özəl sektora dəstəyin davam etdirilməsi prioritetdir. Cənub Qaz Dəhlizi layihəsi, bu yaxınlarda Ələtdə Azad Ticarət Zonasının yaradılması üçün Birləşmiş Ərəb Əmirlikləri şirkətinin məsləhətçi qismində prosesə cəlb edilib. Ölkəmiz tranzit yükdaşımaların artırılmasında maraqlıdır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində tədbirlər davam etdirilir. İnfrastruktur layihələrinin reallaşdırılması və biznesin inkişafına AYİB-in dəstək göstərməsi əhəmiyyətlidir".

AYİB-in Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru B.Balvanera Azərbaycanda iqtisadi, o cümlədən sahibkarlığın inkişafı, gömrük, özəlləşdirmə və digər sahələrdə aparılan islahatlardan məmnunluğunu vurğulayıb: "Bank bu addımları dəstəkləyir. AYİB ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrin icrasına maliyyə dəstəyi göstərilir".

AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin yeni rəhbəri İ.Duarte Azərbaycanda fəaliyyətə başlamasının ölkədə iqtisadi sahədə ciddi islahatların aparıldığı dövrə təsadüf etdiyini qeyd edib. O, AYİB-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi