Yuxarı

​EBRD Azərbaycanda konsaltinq biznesini inkişaf etdirmək üçün seminar keçirir

Üç gün davam edəcək seminarda 15 konsaltinq şirkətinin nümayəndələri iştirak edir

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) təşkilatçılığı ilə yerli konsaltinq biznesinin idarə olunması üzrə seminar başlayıb.

EBRD-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, dekabrın 5-dək davam edəcək seminarda 15 konsaltinq şirkətinin nümayəndələri iştirak edirlər. EBRD tərəfindən təşkil edilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təlim məsləhətçilər üçün konsaltinq biznesinin idarə olunması, Azərbaycanda yerli məsləhətçilər üçün imkanların yaradılması və onlar tərəfindən yerli şirkətlər üçün təmin edilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi məsələləri əhatə edir.

Kurs Sankt-Peterburqdan dəvət olunan təlim müəllimi Vladimir Çernyavski tərəfindən EBRD-nin Kiçik Biznesə Dəstək komandası ilə əməkdaşlıq şəraitində keçirilir.

EBRD-nin Kiçik Biznesə Dəstək komandasının proqram meneceri Lalə Rzayeva bildirib ki, bu təlimlər həmin sahədəki inkişafa təkan verəcək: "İdarəetmə mövzusunda təlim məsləhətçilərin öz bizneslərini möhkəmləndirməsinə, kiçik və orta biznes üçün daha yaxşı xidmət göstərmələrinə yardım edəcək".

Seminar sayəsində məsləhətçilər öz biznesləri üçün baxış və strategiyalarını müəyyən edəcək, təşkilati problemləri başa düşmək və cavablandırmaq üçün bacarıqlarını möhkəmləndirəcək, idarəetmə sahəsində qabaqcıl təcrübəni öyrənəcək və iştirakçıları idarəetmə vasitələri və praktik metodlarla təmin edəcək.

Seminar məsləhətçilər üçün ixtisaslaşmış təlim kurslarının tərkib hissəsini təşkil edir ki, burada onlar effektiv və təsirli konsaltinq xidmətləri, eləcə də uğurlu konsaltinq biznesi üçün ilkin bacarıqlara, resurslara və metodlara yiyələnəklər.

Avropa İttifaqı və EBRD tərəfindən maliyyələşdirilən seminar Azərbaycanda kiçik və orta müəssisələrə yardım etmək üçün sürətlə inkişaf edən konsaltinq bazarının yaradılması məqsədi daşıyan davamlı səylərin tərkib hissəsidir. 1993-cü ildə Azərbaycanda fəaliyyətə başladıqdan etibarən EBRD 700-dən çox müəssisənin inkişaf etmək üçün konsaltinq bacarıqlarına yiyələnməsinə yardım edib. Avropa İttifaqı 2003-cü ildən bu fəaliyyəti dəstəkləmək üçün 3,7 mln. avro yardım edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi