Yuxarı

EBRD Azərbaycan manatında ilk kreditini ayırıb

EBRD Azərbaycan manatında ilk kreditini ayırıb

1994

Bakı. 21 dekabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda plastik borular, fitinqlər, konteynerlər və qəliblərin istehsalçısı, habelə polad boru, boru kəmər elementləri və metal prokatı üzrə treyder olan METAK şirkətinə yerli valyutada (manatla) ilk korporativ kreditini ayırıb.

Bankdan “Report”a verilən məlumata görə, kreditin həcmi 8 mln. avro ekvivalentindədir. Bildirilir ki, bu maliyyələşmə şirkətin fəaliyyətinin genişləndirilməsi planlarının həyata keçirilməsində mühüm rol oynayacaq.

“EBRD-nin ayırdığı kredit artmaqda olan bazar tələblərinə uyğun olaraq METAK-ın fəaliyyətinin genişlənməsinə şərait yaradacaq. İnvestisiya şirkətin mövqeyini gücləndirəcək və rəqabət qabiliyyətini artmasına səbəb olacaq. METAK yeni istehsalat müəssisələrinin inşası da daxil olmaqla, öz fəaliyyətini Sumqayıt şəhərləri və və Balaxanı qəsəbəsində genişləndirməklə istehsal gücünü daha da artırmağı planlaşdırır”, - deyə Bankın məlumatında qeyd olunub.

Bu, Azərbaycanda 2017-ci ilin oktyabr ayında EBRD və Azərbaycan Mərkəzi Bankı arasında birincinin yeni imkanları fonunda yerli kiçik və orta sahibkarlığa (KOS) milli valyuta ilə kredit verilməsi ilə bağlı anlaşma memorandumunun imzalanmasından sonra ilk sövdələşmədir.

EBRD-nin Azərbaycandakı rəhbəri Ivana Fernandes Duartenin sözlərinə görə, bank Azərbaycanda istehsal və xidmət sektorunun inkişafına dəstək verməkdən çox məmnundur: “EBRD özünün uzunmüddətli yerli valyuta ilə maliyyələşdirmə və güclü iş təcrübəsinə əsaslanaraq şirkətə gələcəkdə rəqabət qabiliyyətini daha da gücləndirməyə və yerli iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməkdə kömək edəcək”.

Qeyd edək ki, METAK 1997-ci ildə təsis edilib.

EBRD Azərbaycanda bu günə qədər maliyyə, korporativ, infrastruktur və enerji sektoruna 163 layihə üzrə 2,8 mlrd. ABŞ dolları həcmində sərmayə yatırıb ki, bu da özəl sektora qoyulan investisiyanın 58%-ni təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi