​Dünya Bankının regional direktoru İqtisadiyyat və Sənaye Nazirliyində olub

​Dünya Bankının regional direktoru İqtisadiyyat və Sənaye Nazirliyində olub Görüşdə növbəti 5 il ərzində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb
Biznes
2 İyul , 2015 18:15
​Dünya Bankının regional direktoru İqtisadiyyat və Sənaye Nazirliyində olub

Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report"un məlumatına görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Ş. Mustafayev beynəlxalq maliyyə institutları ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, layihələrin icrasında qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin tətbiq olunduğunu vurğulayıb. Dünya Bankı ilə əməkdaşlığın çoxşaxəli olduğunu qeyd edən nazir hazırda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb. 

Bildirilib ki, indiyədək Dünya Bankı tərəfindən Azərbaycana 51 layihə çərçivəsində 3,6 mlrd. dollar kredit ayrılıb. Artıq 35 layihə başa çatıb, 16 layihənin icrası isə davam edir. Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Bakı şəhərində tullantıların idarə edilməsi baxımdan əhəmiyyətlidir.

Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, o cümlədən Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlər, eləcə də Balaxanı, Sumqayıt, Mingəçevir sənaye parkları, Neftçalada sənaye məhəlləsi, sənaye parklarında və məhəllələrində tətbiq olunan güzəştlər barədə məlumat verən Ş. Mustafayev bu sahədə Dünya Bankı ilə mümkün əməkdaşlıq barədə fikirlərini bidirib.

Qeyd olunub ki, H. Keralinin Cənubi Qafqaz ölkələri üzrə regional direktor işlədiyi 3 il ərzində Dünya Bankı ilə əlaqələr daha da genişlənib, 600 mln. dollar həcmində 6 layihə maliyyələşdirilib.

Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Henri Kerali qəbula görə təşəkkür etmiş, uğurlu əməkdaşlığa görə məmnunluğunu ifadə etmişdir. Azərbaycanda Dünya Bankı ilə əlaqələrə önəm verildiyini vurğulayan H. Kerali bu nüfuzlu maliyyə institutunun ölkədə həyata keçirilən layihələrə bundan sonra da maliyyə və texniki dəstək göstərəcəyinə əminliyini bildirib.

Görüşdə həmçinin, növbəti 5 il ərzində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, sənaye parklarında məsləhət xidmətlərinin göstərilməsi, turizmin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi