Yuxarı

​Dünya Bankı: Azərbaycanda özəl biznesin maliyyələşmə problemləri var

Hesabat: Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxışında boşluqlar mövcuddur

Bakı. 14 may. REPORT.AZ/ Son 10 ildə Azərbaycan iqtisadiyyatı 5 dəfə artıb, ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün iqtisadiyyatın diversifikasiyasına çalışır. "Report" xəbər verir ki, bu fikirlər Dünya Bankının (DB) Azərbaycanla bağlı hazırladığı yeni hesabatda qeyd edilib: "Azərbaycanda özəl kreditlərin ÜDM-də payı 31% təşkil edir. Mikro, kiçik və orta sahibkarlıq subyektləri, xüsusən də gənc sahibkarların ÜDM-də payı çox azdır və təxminən 10% civarındadır".

DB-nin mikro, kiçik və orta sahibkarlığın maliyyə mənbələrinə çıxışı ilə bağlı 2014-cü ildə apardığı sörğunun nəticələrinə əsasən, Azərbaycanda MKOS-ların 51%-i üçün bu sahədə vəziyyətin çətin olduğu müəyyənləşib. Sorğuya əsasən, Azərbaycanda kənd təsərrüfatı, istehsal, tikinti, ticarət, xidmət və turizm sahəsində orta və kiçik sahibkarlıq subyektlərinin maliyyə mənbələri tapmasında boşluqların olması aşkar edilib: "Azərbaycan hökumətinin bu sahədəki boşluqları doldurması üçün Sahibkarlığa Kömək Milli Fondu və dövlət aqrar kredit agentliyi vasitəsi ilə müxtəlif xüsusi kredit, subsidiya proqramlarının olmasına baxmayaraq, sorğuda iştirak edən MKOS-ların 5,1%-i bu proqramlarda iştirak üçün müraciət edib və yalnız 1,7%-dən az hissəsi istəyinə nail olub".

DB Azərbaycanda sahibkarların belə kreditləşmədən qaçmasının bir neçə əsas səbəbinin olduğunu da açıqlayıb: "Aşağı maliyyə imkanları fonunda mürəkkəb kreditləşmə prosedurası, girov, yüksək kredit xərclərinin olması və ödəniş müddətinin azlığı MKOS-lara çətinlik yaradan əsas səbəblərdəndir. MKOS-ların 2/3-nin bank hesabı olsa da, onların yalnız 14%-i kredit üçün müraciət edib. MKOS-ların təxminən 3/4-ü heç vaxt kredit üçün müraciət etməyib. Çox az sahibkarların digər növ kreditlərə çıxışı var. Onların 2,4%-nin kredit kartları, 0,3%-nin "overdraft" imkanları mövcuddur. Əksər MKOS-lar nadir hallarda bank zəmanəti, ticarət sığortası, lizinqd, faktorinqdən istifadə edir. Belə ki, 2013-cü ildə sahibkarların 4,1%-i lizinq, 1,7%-i isə faktorinq əməliyyatlarında iştirak edib.

"Xüsusən, 4 əsas amil yüksək maliyyələşmə məhdudiyyətləri yaradır və MKOS-ların kredit alətlərindən aşağı səviyyədə iştirak etməsinə şərait yaradır. Əlçatmaz ənənəvi kreditlər, məhdudiyyətli inkişaf və qeyri-ənənəvi maliyyə mənbələri haqqında bilgisizlik, maliyyə mənbələrinin saxlanması ilə bağlı yetərsiz maliyyə savadlılığı, dövlət proqramlarının maliyyə əldə etmək üçün məhdud təsiri MKOS-ların fəaliyyətinə əsas əngəllərdəndir. Yüksək girov tələbləri və yüksək xərclər əksər hallarda kredit alınmasında rədd cavabına gətirib çıxarır. Kredit müddətinin 3 il olması da əsas məhdudiyyətlərdəndir. 2013-cü ilin nəticələrinə görə, MKOS-ların 32%-nin lizinqdən xəbəri olsa da, onların 5,8%-i bunun üçün müraciət edib və yalnız 4,1%-i lizinq maliyyələşməsinə nail olub. MKOS-ların yalnız 1/4-nin biznes planı var və 1/3-i davamlı olaraq maliyyə hesabatlarını qoruyub saxlamır", - deyə hesabatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi