Azərbaycanda ilk dəfə korporativ sosial məsuliyyətə həsr olunmuş konfrans keçiriləcək

Azərbaycanda ilk dəfə korporativ sosial məsuliyyətə həsr olunmuş konfrans keçiriləcək Konfransda 300 nəfərdən artıq nümayəndə və təxminən 30 spikerin bir araya gələcəyi gözlənilir
Biznes
4 İyun , 2015 20:23
Azərbaycanda ilk dəfə korporativ sosial məsuliyyətə həsr olunmuş konfrans keçiriləcək

Bakı. 4 iyun. REPORT.AZ/ Cari il oktyabrın 15-də Azərbaycanda ilk dəfə olaraq dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət mövzusuna həsr olunmuş konfrans - “Baku CSR Conference 2015” keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, bu tədbirin məqsədi ölkədə mövcud olan cari vəziyyətin kompleks qiymətləndirilməsi, eləcə də sözügedən sahənin inkişaf etdirilməsi üçün dövlət, özəl və qeyri-hökumət təşkilatları arasında dialoq və əməkdaşlığın genişləndirilməsindən ibarətdir. “Baku CSR Conference” dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində yerli və xarici metodların mənimsənilməsinə imkan yaratmaqla yanaşı, Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlər, habelə dövlət qurumları və ictimai təşkilatları təmsil edən mütəxəssis və nümayəndələrin toplaşdıqları məkana çevriləcək.

Konfransda 300 nəfərdən artıq nümayəndə və təxminən 30 spikerin bir araya gələcəyi gözlənilir. Artıq ilk konfransın iştirakçıları arasında SOCAR, "Access Bank", "Azercell", "Coca Cola", "EY", "Holcim", "Norm", "Pasha Insurance" və "Saipem" şirkətlərinin nümayəndələri var. Həmçinin, konfransın işində bir sıra nazirlik və digər dövlət orqanlarının, habelə konsultasiya şirkətləri, beynəlxalq təşkilatların və xarici ekspertlərin iştirakı planlaşdırılır. Bütün məruzələrin tezisləri konfransın elektron toplusunda yayımlanacaq və bu toplunu konfransın mobil proqramından və tədbirin rəsmi veb səhifəsindən yükləmək mümkün olacaq.

Konfransın əsas müzakirə mövzuları bunlardır: "Dayanıqlı inkişaf konsepsiyası - qlobal təmayül və standartlar", "Dayanıqlı inkişafın təşviqi üçün dövlətlər və biznes üçün proqram və layihələr", "Yaşıl İqtisadiyyat, Korporativ sosial məsuliyyətin biznesə təsiri", "Sosial layihələrin həyata keçirilməsində QHT, dövlət və özəl sektor arasında əməkdaşlıq". 

Qeyd edək ki, təhsil, kənd təsərrüfatı, ekologiya, alternativ enerji və digər sahələrin dayanıqlı inkişafını ələ alacaq tematik sessiyaların keçirilməsi planlaşdırılır.

I Azərbaycan dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət konfransının baş sponsoru SOCAR, bürünc sponsoru isə “Access Bank” ASC-dir. Konfransın konsultasiya üzrə tərəfdaşı qismində “EY” şirkəti çıxış edir.

Son xəbərlər

Orphus sistemi