Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda dövlət-özəl tərəfdaşlığı ilə bağlı normativ hüquqi baza təkmilləşdiriləcək.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub.
Bildirilib ki, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi işləri davam etdiriləcək. Bu normativ hüquqi baza, ilk növbədə, dövlət-özəl tərəfdaşlığını rəsmiləşdirən müqavilədən, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı üçün uyğun sahələrin siyahısının və başqa müvafiq formaların təsdiq edilməsindən, habelə digər tənzimləyici sənədlərin qəbulundan ibarət olacaq.
Geniş təhlillər aparılmaqla, dövlət-özəl tərəfdaşlığı əsasında inkişaf etdiriləcək prioritet sahələri (kommunal, infrastruktur, nəqliyyat və s.) və onların maliyyələşdirilməsi şərtlərini özündə əks etdirən konsepsiya hazırlanacaq və təsdiq üçün aidiyyəti üzrə təqdim ediləcək. Konsepsiyada KOS subyektlərinin icraçı kimi layihələrə cəlb edilməsi məsələsi də prioritetləşdiriləcək.
Bundan başqa, dövlət satınalmalarında KOS subyektlərinin minimum iştirak payının müəyyənləşdiriləcək. 2020-ci ilədək KOS subyektlərinin dövlət sifarişlərinin icrasında payı artırılacaq.
"Dövlət ehtiyacları üçün məhsul istehsalı və işlərin (xidmətlərin) görülməsi üzrə dövlət sifarişlərinin yerinə yetirilməsində KOS subyektlərinin daha geniş iştirakının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görüləcək. Dövlət satınalmalarında KOS subyektlərinin minimum iştirak payının müəyyənləşdirilməsi ilə bağlı təcrübələr araşdırılacaq və müsbət təcrübələrə uyğun şəkildə qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək" - Strateji Yol Xəritəsi"ndə göstərilib.