​Dövlət Gömrük Komitəsinin sədri Seneqalda səfərdə olub

​Dövlət Gömrük Komitəsinin sədri Seneqalda səfərdə olub İki ölkənin gömrük orqanları arasında saziş imzalanıb
Biznes
20 May , 2016 17:14
​Dövlət Gömrük Komitəsinin sədri Seneqalda səfərdə olub

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan və Seneqal gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etmək məqsədilə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə rəsmi səfərdə olub. Bu barədə “Report”a DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Seneqalın Baş Gömrük İdarəsinin dəvəti ilə gerçəkləşən səfərin ilk günü A.Əliyev Seneqalın Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşüb.

İdarənin baş direktoru Papa Ousmane Gueye Azərbaycan gömrükçülərinin təcrübəsini öyrənməkdə və gömrük işinin bütün sahələrində əməkdaşlıqda maraqlı olduqlarını deyib.

A.Əliyev 2014-cü ildə Seneqalın ilk rəsmi nümayəndə heyətinin Azərbaycana səfərini xatırlayıb və gömrük orqanları vasitəsilə yaradılan bu əməkdaşlıq əlaqələrinin hər iki ölkənin digər sahələrdə də qarşılıqlı münasibətlərinin yaradılması işinə töhfə verdiyini bildirib.

Görüşdə iki ölkənin gömrük əməkdaşlarının potensialının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin təlim üsullarının hazırlanması, birgə seminarların təşkili, kinoloji xidmətlər arasında əməkdaşlığın təşviqi, eləcə də gömrük sahəsində innovasiya layihələrinin idarə edilməsi prinsiplərinin öyrənilməsi üçün əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.

Sonra Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Seneqal Baş Gömrük İdarəsi arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında sazişin imzalanması mərasimi keçirilib. Sənədi DGK sədri A.Əliyev və BGİ-nin baş direktoru P.O.Gueye imzalayıblar.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti ilə Seneqalın iqtisadiyyat, maliyyə və planlaşdırma nazirinin büdcə üzrə nazir-deleqatı Birima Manqara ilə də görüşüb. Görüşdə Azərbaycan nümayəndə heyətinin Seneqala səfərinin hər iki ölkənin istər gömrük, istərsə də digər sahələrdə qarşılıqlı münasibətlərinin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub, eləcə də ticari-iqtisadi əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Seneqal Baş Gömrük İdarəsinin Dakar Gömrük Limanının Skaner Mərkəzinin işi ilə də yaxından tanış olub.

Son xəbərlər

Orphus sistemi