Bakı. 13 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsində (DGK) yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib. "Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, iclasda Şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.
Bildirilib ki, Apellyasiya Şurasının yaradılmasından sonra DGK sədrinin müvafiq əmrləri ilə "Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurası haqqında" əsasnamə, həmçinin Şuranın və onun Katibliyinin tərkibi təsdiq edilib.
İclasda Komitənin strukturuna daxil olan qurumlarda maarifləndirmə işlərinin aparılması, həmçinin Apellyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılması, informasiyaların DGK-nin rəsmi internet saytında yerləşdirilməsi və məlumatların daim yenilənməsini təmin etmək məqsədilə xüsusi səhifənin yaradılması qərara alınıb.